Müğənninin qətldə təqsirləndirilən atası ömürlük azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il martın 3-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.

Q.Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olub.

Q.Hüseynov hər iki şəxsi qantellə vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Q. Hüseynov “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.