Bu gün Ümumdünya Heyvanları Müdafiə Günüdür

Hər il oktyabrın 4-də qeyd edilən Ümumdünya Heyvanlar Günü (World Animal Day) və ya Ümumdünya Heyvanları Müdafiə Günü 1931-ci ildə Florensiyada (İtaliya) təbiətin qorunması hərəkatı tərəfdarlarının konqresində təsis edilib. Oktyabrın 4-nün seçilməsi isə bu tarixin heyvanların himayəçisi hesab edilən müqəddəs katolik Fransisko Assizkonun anım günü olması ilə əlaqədardır. Ölkələrdə heyvanları müdafiə cəmiyyətləri hər il bu əlamətdar gün münasibətilə müxtəlif kütləvi tədbirlər keçirirlər.

Ümumdünya Heyvanları Müdafiə Günü cəmiyyətdə ətraf mühiti qorumağın vacibliyini aşılamaq, heyvanların qorunmasında fəallığı artırmaq məqsədilə təsis edilib.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, oktyabrın 4-də dünyanın 60-dan çox ölkəsində Ümumdünya Heyvanları Müdafiə Günü münasibətilə tədbirlər keçirilir. Könüllülər və ekologiya təşkilatları insanların diqqətini heyvanlara pis münasibət problemlərinə yönəltməyə çalışırlar. Heyvan kəsilməsilə bağlı debatlar təşkil edilir, fəallar fləşmoblar keçirirlər. Ekoloqlar istehsalçıları heyvanlara humanist yanaşmağa çağırırlar. Maarifləndirmə tədbirləri keçirilir, heyvanlar haqqında, kinoloq və baytarların işi barədə filmlər nümayiş etdirilir.

Qərbi Avropa ölkələrinin çoxunda hesab edilir ki, ev heyvanları ailənin bir üzvüdür və onların da hüquqları var. Dünya ulduzlarının çoxu, o cümlədən Bricit Bardo, Leonardo di Kaprio və başqaları heyvanları müdafiə etməyə çağırırlar.