2018-ci il dünya çempionatının himnini yenə kolumbiyalı müğənni yazacaq

FİFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının rəsmi himnini yazdırmaq üçün kolumbiyalı müğənni Maluma ilə əlaqə saxlayıb.

“Report”un Kolumbiyanın As nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı müğənni təklifi müsbət cavablandırıb. O, artıq, “Sony Music” şirkətinin rəhbərləri ilə görüşüb. Maluma 24 musiqiçi ilə birgə mahnı üzərində işləyəcək.

DÇ-2018 himninin puerto-rikolu Bred Banni ilə birgə yazılacağı və dekabradək hazır olacağı gözlənilir.

Qeyd edək ki, Maluma Latın Amerikasında ən populyar müğənnilərdəndir. O, Şakiradan sonra dünya çempionatına himn bəstələyən ikinci kolumbiyalı olacaq. Müğənninin yaxın münasibətdə olduğu amerikalı futbolçular arasında Neymar, Luis Suares, Lionel Messi və Serxio Aqüero da var. Aqüero ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda Malumanın konsertindən qayıtdığı vaxt avtomobil qəzasına düşərək qabırğasını sındırıb.