Dağlar gözəli  – Sım

 Astara rayonun qərbində, necə deyərlər Talış dağlarının ətəyində Sım kəndi yerləşir. Ərazisi 400 kv m-dən çox, əhalisi 700 nəfərə yaxın kəndin mərkəzi, yəni sosial məişət obyektləri olan yer – “Düküno” məhəllə adlanır. Əzəldən Sım iki hissədən ibarət olub. Bu gün isə “Köhnə Sım” məhəllə “Üte” adlanan tərəflə artıq birləşmişlər. Mülayim iqlimi olsa da, burada başqa kəndlərə nisbətən illik yağıntının miqdarı çox olur. Meşələri sıx, nadir ağaclarla zəngindir. Kəndi gözəlləşdirən cəhətlərdən biri də onun  fiziki, kimyəvi tərkibinə görə bir-birindən seçilən təbii bulaqlarıdır. Sımda tikinti materialı oda davamlı gil, çay və sal daşlar, kükürdlü, fosforlu torpaq mövcuddur. Kəndin iqtisadiyyatını əsasən əkinçilik, maldarlıq təşkil edir.
         Talış toponiminə əsasən “Sım” “Sıx” (daş) sözündən, digər varianta əsasən nə vaxtsa kənddə yaşamış Sım tayfasının adından götürülmüşdür. Bəzi fərziyyələrə görə isə kəndə ilkin pənah gətirmiş Şeyx Abdulla Samın və yaxud Nuh peyğəmbərin oğlu Samın adı ilə bağlı olduğu bildirilir.
         Pəlikəş inzibati ərazi dairəsinə daxil olan 13 kənddən biri də (Diqo, Pəlikəş, Şəvqo, Şümrüd, Sipyəpart, Lomin, Vovada, Duriyyə, Diqoli, Sipyət, Əyərüd, Çükəş) Sımdır.
         Kənddə “Laşkəsə” adlı otlaq sahəsi olan hündür təpədən Sım necə də, əsrarəngiz görünür. Təpədən dar cığırla aşağı enəndə gömgöy irili-xırdalı daşlar ərazinin əsl adını daşlı-kəsəkli yollar olduğunu anladır.   Qədim tarixli Sımın “Üte” ərazisində daşlar üzərindəki yazılar deyilənə görə IV-III minilliklərə aiddir. “Podşonışdəsığın” üstündən “Şindan” qalası, 700 metr məsafədə ərazisi böyük olan “Əliürd”  qayası görünür. Qayanın üstündəki yazılar, çəkilmiş rəsmlər mənə hardasa Qobustanı xatırlatdı.

         Düstəqxana – deyilənə görə bu mağara keçmişdə “Üte”də yaşamış şah tərəfindən cəzalandırılmış məhbusların dustaqxanası olub.  Əslində, mağaradan 3 metr aralıdakı şəlalənin füsunkarlığı, ətrafdakı yaşıllıqlar və axar çayın şırhaşırına görə bu məkanı “Dostxana” mənasında da  başa düşmək olar.

         Anqivinə hal – (Arı içi ovulmuş daşlarda yuva qurmuşdur) hündürlüyü təxminən 140 metr olan bu qaya öz əzəməti ilə   diqqəti cəlb edir.
         Sımda “Seyid Gülüstan”, “Şeyx Saleh”, “Pirbılınd”, “Xalid Abidin”, “Anbahunü”, “Şeyx Abdulla Sam’’ ziyarətgahların bəzilərindən bir qədər danışmaq istərdim.
         Şeyx Saleh ziyarətgahı – yaşıl yamaclı hündür təpəni aşandan sonra dar cığırla Şeyx Saleh məzarına doğru gedirsən. Ömrünü Allaha ibadət etmək və halal zəhmətlə keçirmiş Şeyx Saleh rəhmətə gedəndən sonra Sımlılar çox pərişan olmuş uzun müddət bu müdrik insanı unuda bilmədiyindən məzarını tez-tez ziyarət edirmişlər. Ona görə də, əsr yarımdan çoxdur ki, Şeyx Saleh məzarı ziyarətgah kimi tanınır.
         Pirbılınd – Məzarlıqdakı mamırla örtülmüş üç pilləli qəbir daşlarının kimə mənsub olduğu bəlli olmasa da, qədimliyi hiss olunur. Çox güman ki, burada pirani halında dünyasını dəyişmiş bir övliya uyuduğundan məzarlıqda Pirbılınd adlanır.
Sımın cənubunda hündür təpə isə “Zardakəvəli” adlanır. Çünki hər yan yam-yaşıl olsa da, orada xəzan olmuş ağaclar mövcuddur.
         Buzxana – Laşkəsə ərazisində balaca mağaranı xatırladan kahanın içində qışda isti, yayda isə sərin yel əsir. Keçmişdə bu buzxana təsərrüfat işçiləri üçün bir növ soyuducu rolunu oynayıb. (Əslində, indi də onun ətrafında sərinlənənlər olur)

Sımın bulaqları

  Şimal tərəfdən “Sımı Hünü” yel xəstəliyinin dərmanı sayılır.“Vizə hünü” – bulaq suyunun tərkibində yod aşkar edilib.

  “Sığapardi hünü” – bulağın ətrafındakı daşlar sanki nizamla düzülübmüş kimi görünür. 1956-cı ildə güclü sel nəticəsində daşların düzülüşü bir qədər pozulub.
“Əhmədi hünü” – kəndin yaşlı sakini olmuş Əhməd kişinin adını daşıyır. Yəqin ki, bulağın ətrafını səliqə-səhmana salan olub.
“Anbuhünü” xurma ağacının altındakı bulağın adıdır. (Kənddə eyni adlı məhəllə də var).
“Aspəşünü Hünü”  Bulaqdan şırhaşırla axan suyun sədası, gözəlliyi hətta daşlaşmış qəlblərə belə siraət edər. Pilləvari daşlar üzərində ağappaq bal şanı kimi süzülən suyun parltısı göz qamaşdırır.
         İlkin yaşayış məskəni e.ə 4-3 minilliyə təsadüf edən, Sımda abidələrin, pirlərin, bulaqların quruluşunu, görkəmini funksiyasını sözlə təsvir etmək çox çətindir.

Qədim məscid

Ərdəbildən Sım dağlarına pənah gətirmiş Şeyx Mirabbasın nəticəsi Şeyx Abbas Sımda dəyirmanla yanaşı məscid də, tikdirmişdir. XIX əsrin əvvəllərində mədrəsə kimi fəaliyyət göstərmiş məsciddə hətta qonşu rayonlardan da təhsil almağa gəlirmişlər. Təxminən 1830-1840-cı illərdə  tikilmiş qədim abidə – məsciddə namaz qıldığım an zaman-zaman Quran qiraət etmiş, dünyagörmüş insanların avazının sanki duyurmuş kimi ani olaraq təsirləndim.
Eh, nə deyəsən gəlimli-gedimli dünyadi da…

    Dəyirman 

         Şeyx Abbası Sımın mənzərəsi, gur bulaqları, axar çayı, təmiz havası valeh etmiş və Ərdəbil Karvan yolu ilə ətraf kəndlərlə əlaqə saxlamağa imkan olduğunu düşünmüş, Ərdəbildən çaxmaq daşlarını gətirərək dəyirmanı qurmuşdur. Hər yan yam-yaşıl və şırhaşırla axıb gedən suyun səsi ətrafa nəğmə yayırmış kimi əks-səda verir. 15-20 metr məsafədən duyulur ki, həyat mənbəyi olan su haradasa yaxınlıqdadır. Sutkada 1 ton dən üyütmüş dəyirman əvvəllər insanların çox karına gəlirmiş. Təbii yolla üyüdülmüş undan dadlı şip-şirin çörək hazırlanırmış.
İki əsrin yaşıdı olan  Şeyx Abbasın dəyirmanı təəssüf ki, 1994-cü ildən  sükuta dalmışdır.
         Sıma ilk gedişim qızmar yay gününə təsadüf etmişdir.  Axşamüstü yüksək təpədən kəndi seyr etdiyim zaman həzin sakitlik xəfif əsən sərin meh ruhuma oxşayarkən Sıma “Dağlar gözəli” dedim. Gecələr göydə ulduzlar sayrışanda kənddə haradasa gecə böcəklərinin işıldaması, təpələrdən çöl otlarının – müşk-əmbərin, kəklikotunun, yovşanın, dağ giləmərzəsinin  ətir qoxusu, qaynar bulaqların nəğmə oxuyurmuş kimi zümzüməsi adama qayğıları unutdurmaqla, şirin xəyallara da, daldırır. Sımlıların böyüyü də, kiçiyi də adama tez isinişir. Doğma kənd haqqında onların məlumatlı olması və təəssübkeşliyi rəqbətedicidir. Sımın özünəməxsus xarakterik cəhətlərindən biri də, günün hansı vədəsində kənddə güzarın düşsə uzağı yarım saatdan sonra harada olduğun, kiminlə nə məqsədlə görüşdüyün dərhal bəlli olur.
Əvvəllər kənddə təhsilini davam etdirmək istəyən qızlar üçün bir qədər problem olsa da bu gün  təhsil almaq istəyənlərin sayı  onlarladır. Ali məktəbdə təhsil alan Sımlı gənclərdən  bəzilərinin gələcəkdə kənddə çalışmaq arzusu, müxtəlif mövzularda sərbəst mühakimələri adama müsbət təsir bağışlayır.

Şəlalə

Dağlar qoynunda zümzüməsi ilə məşhur bulaqların bəzən yolları birləşərək dağ döşündən aşağı süzülür və şəlalələr yaranır. Sımdan 4 kilometr aralıda “Ambuhunu” tərəfdə mövcud şəlaləni son beş ildə seyr edənlərin sayı durmadan artır. Əzəmətli Şindan dağındakı bulaqlardan yaranmış şəlaləni istər yerli sakinlər istərsə də, xarici qonaqlar seyr etməkdən doymurlar. 35-40 metr yüksəklikdən aşağı süzülərək arada ətrafa, sağ və soldakı daşlara dəydikcə səpələnən suyun gözəlliyi adamı heyran edir.

Dar cığırla gedilən yol asan olmasa da, şəlalənin sədası duyulanda rahatlanırsan. Təəssüf ki, orada istirahət edənlərin bəziləri ətrafı zibilləməyi də, unutmur.

Möcüzəli barmaqlar

Kövrək qəlbinin sədası və xırdaca barmaqları ilə oyuncaq sazı dilləndirəndə adamın ruhuna xoş ovqat qatır. Onu görməsən zən etməzsən ki, “Dilarəm”, “Bənövşəm”, “Ana kürüm”, babasının Mərasim Hacızadənin sözlərinə bəslədiyi “Ata” və digər lirik folklor, mahnıları səsləndirən doqquz yaşlı Ayaz Xalıqovdur.
O, hələ üç yaşında ikən musiqi duyumlu, kənd toylarını qarmonu ilə şənləndirmiş Sım kənd orta məktəbində musiqi müəllimi işləmiş, rəhmətlik babası Ağamoğlan onun üçün saz düzəltmişdir. İllər ötdükcə balaca Ayaz “çala-çala” püxtələşir və babasına bir dünya sevinc bağışlayır.
         Sım kənd orta məktəbin IV sinfində əla və yaxşı qiymətlərlə oxuyan Ayaz ata-anasının, nənəsinin qulluğunda duran, çəpişləri örüşə ötürən, toyuq-cücələri yemlədən, meşədən çırpı gətirən maraqlı rəsmlər çəkən və bu işlərin müqabilində Allaha ibadət etməyi də unutmayan suyu şirin, ağappaq bir oğlandır. Onunla söhbət edərkən böyüklərə xas tərzdə məni diqqətlə dinlədi.  Ondan “gələcəkdə hansı sahədə çalışmaq istərdin” deyə soruşanda o düşünmədən “yaxşı rəssam, musiqiçi olmaq istərdim” deyərək özünə güvənmiş halda gülümsədi.

Ulu Yaradan Ayazın doğulduğu kəndə əsrarəngiz gözəllik – yaşıl yamaclar, enişli-yoxuşlu təpələr, şirhaşırla axan çaylar, diş göynədən şəfalı bulaqlar, yüksəklikdən ahəngdar süzülən insan qəlbini riqqətə gətirən şəlalələr bəxş etdiyi kimi inanırıq ki, dağlar qoynunda boy atan Ayaz da, Yaradanın lütfü ilə gələcəkdə gözəl rəssam, musiqiçi olacaqdır.

Ayaza uğurlu yol  arzulayırıq.

El obasını düşünən

   Bakı Dövlət Universitetinin məzunu kimi onu tələbəlik illərindən tanıyıram. Sım kənd orta məktəbində riyaziyyat müəllimidir. Boş vaxtlarını xeyirxah bir işə sərf etməklə keçirən  Əflatun müəllim uzun illərdir ki, kəndin ara yollarını özünə məxsus traktorla hamarlayır, abadlaşdırır. Evlər arasında məsafə çox və gediş-gəliş çətin olduğundan o bu xeyirxah işi öhdəsinə götürməklə, el-obasının dərin hörmət və məhəbbətini qazanmışdır.
 Əflatun Xalıqov Sımın hörmətli şəxsiyyəti olmuş, rayonda, kənddə dövlət işində uzun müddət çalışmış Böyükağa Xalıqovun oğludur. Bir zamanlar Böyükağa müəllim və oğlu Ərəstun da, kənd yollarının abadlaşmasında böyük zəhmət çəkmişlər. Bu gün isə Əflatun müəllim  onların xeyirxah missiyasını uğurla davam etdirir.
 Deyirlər yol mədəniyyətdir. Yolun uğurlu olsun Əflatun müəllim!

Şəfalı əllərin sahibi – Validə

Məlumdur ki, bu gün dağ kəndlərində yollar xeyli abadlaşıb, asfalt döşənib, gediş-gəliş asanlaşıb. Artıq dağdan aşağı düşmək o qədərdə çətin deyil. Əvvəllər çətin vaxtlarda  Validə Xalıqova  əməli ilə yüzlərlə insanın hörmətini qazanmışdır. İlk günlər tanıdığı həkim və tibb işçilərindən tibbin sirlərini öyrənmiş, bu sahə ilə bağlı çoxlu kitablar oxumuş, daim öz üzərində çalışdığından, o əsl tibb  işçisidir. Onu tanıyan peşəkar həkimlər də bunu təsdiqləyir.    Kimisinə ana, kimisinə bacı, kimisinə arxa olan, el-obasının xeyrindən, şərindən qalmayan müsahibim Allahın ona ayırdığı ömür payını, şəfalı əlləri və xeyirxah əməlləri ilə yaşayır.

Elə həyatın mənası bu deyilmi!?…

Tarixin daş yaddaşı Şindan

İgid ərənlərin oylağı olmuş, əsrləri adlamış, əfsanələr və rəvayətlərlə tarixə düşmüş Şindan haqqında toponomiya elmi ilə məşğul olan alimlər, tarixçilər, memarlar bir-birindən fərqli mülahizələr, irəli sürmüşlər. Onların fikrinə istinadən rayonumuzun qərbində hündür Şindan dağı üzərində yerləşmiş “Şindan”, “Bəzz”, “Əlincə”, “Gələrsən-Görərsən”, “Gülüstan” qalaları kimi çox qədim tarixə malikdir. Azərbaycan şairi Qətran Təbrizi öz əsərlərində, Xəqani Şirvani isə qəsidələrinin birində Ərçivan ilə Şindanın adını bir yerdə qeyd etmişdir.

 Yerli əhali, yəni talışlar Şindanı “Şındu” yəni “pilləkənli” qala adlandırmışlar. Çünki qalaya gedən yeganə yolu  yalnız nərdivanla  qalxmaq mümkün olub. Mənbələrə müraciət edəndə  Azərbayanda Dağıstanda, Xorasanın  Bürcənd mahalında, Şindan kəndi, Herat yaxınlığında Şindan adlı qəsəbə var. Püşti dilində isə “şin” – yaşıllıq, “dan” – yer mənasını verir. Qala yaşıl meşə içərisində yerləşdiyindən çox güman ki, Şindan  adlandırmışlar. Əfsanələrə görə isə Şindan adlı oğlan dostu tərəfindən aldadılmış və o da özünü qayadan atmışdır. Sevgilisi Tahirə ömrünün sonuna kimi Şindana yas saxlamışdır.
 Bəzi tarixçilər isə Şindan sözünün mənasını “Şin” tayfasının adı ilə bağlayırlar. Tarixi mənbələr və məxəzlər də, “Şin” tayfasını bir zaman Astara ərazisində yaşadığını təsdiqləyir.
Eramızın III əsrində Sasanilər dövründə bünövrəsi qoyulmuş Şindan qalası ilə bağlı ilk orta əsr tədqiqatçılarının  əsərlərində maraqlı məlumatlara rast gəlinir. Müxtəlif fərziyyələr, tədqiqatlar bir daha sübut edir ki Şindanın  tarixi qədimdən qədimdir.
      “Töffətul-İraqei Səyahətnamə” əsərinin müəllifi Əfzələddin Xəqani qəsidələrində başı qarlı Savalanı, Şindan qalasını sanki rəssam fırçası ilə təsvir etmişdir.
Tarixdən məlumdur ki, Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsən Astara hakimi Əmir Sultanı cəzalandırmaq üçün üstünə qoşun göndərən zaman Əmir Şindana sığınmışdır. I Şah Abbasın dövründə Ərdəbil hakimi Zülfiqar xan Qaraxanlı Azərbaycan qoşunu ilə birlikdə 9 ay Şindan qalasını mühasirədə saxlamışdır.
  Tarixdə çox qəzavü-qədərlərin, Azərbaycanın ikiyə bölünməsinin şahidi olmuş Şindan Azərbaycan qalaları sırasındadır. Talış silsiləsinin ən yüksək zirvəsi olan “ Kömür Göy”(Lerik, Yardımlı sərhədində) hündürlüyü 2493 m, “Qız Yurdu”, 2433 m kimi,  “Şindan” da, dəniz səviyyəsindən 1820 metr yüksəklikdə durur.
İnsan əli ilə tikilmiş qalalardan fərqli olaraq ( Şabran, Qız qalası), “Şindan” təbii qala kimi bəlkə də, yer kürəsinin ən böyük daşlarındandır. Düzdür, istinadgah kimi orada bir sıra tikililər aparılmışdır. Hərçənd ki, onlardan da, bu günə bir əsər əlamət qalmayıbdır.
“Şindan” Sımdan 7 km aralıda cənub qərbdə yerləşir. Sımlılar əvvəllər qalanın ətrafında ot çalıblar, yəni gediş-gəliş olub. Hazır ki dövrdə rəsmi sənəd olmadan  qalaya qalxmağa, hətta yanında olmağa icazə verilmir.
      Bəli, əsrlərə qardaş, sirdaş olan Şindan! Adın qalsa da, fəqət alma kimi dilimlənmisən, həsrət qalasına çevrilmisən. Bəlkə də, uçub dağılmaqda, viranəyə dönməkdəsən. Yəqin elə bir zaman gələcək istehkam qalası “Şindan” da “Bəz”, “Əlincə” qalaları kimi üzərində bərpa işləri aparılacaq….

    Qıyə-Yaylaq

Hələ dağlara güzarım düşməzdən əvvəl dağ kəndində yaşayanları “Qıyəj” kimi tanıyırdım. Amma demə, qıyə-yaylaq   dağın son nöqtəsi imiş və kino-filmlərdə seyr etdiyim “Alaçığı” nəhayət öz yaylağımızda görməli oldum.
          Sımdan yaylağa 5 km-ə qədər məsafə var. “Vəlisu”  yaylağındakı səs-səmirsizliyə, bol məhsuldan soraq verən kartof sahəsinə, yaşıllığı gözə çarpan ağaclara, rəngbərəng çöl otlarına (əksəriyyəti dərman bitkisidir), heyran olmaya bilmirsən.
Şairin təbirincə
             Qoy sükut danışsın ikimiz susaq,
             Sənə yaxın olum dünyadan uzaq…
Xani-Kumə– Lənkəran xanın nəslindən olan Mirəhməd xanın xanımı Tuğra xanımla bir zaman istirahətdə olduğu (Kuma uçub dağılsa da nişanəsi qalmış) “Kumə” əsrləri adlasa da, hələ də yaddaşlarda xatırlanır.
 Kaloni-Qıyə -Sımın yaxınlığındakı yer adıdır. Bir zamanlar bu ərazidə Kaloni tayfası yaşayıb.  Bu Azərbaycandakı Kaloni tayfasının adındandır. Bu tayfa Naxçıvanda, Qarabağda, Şirvanda, Aranda həmçinin Türkiyədə, İranda yaşamış tayfalardan biridir.
Bu tayfaya daxil olan tirələrdən (nəsil) biri də Şeyxəvanlardandır ki, rayonumuzun bir sıra kəndlərində – Sımda, Bəliboyadidə (Əsxənəkəran), Mikidə, Şüvidə yaşayırlar.
         Bax beləcə, dağlar gözəli Sımla bağlı gördüklərimi, eşitdiklərimi araşdırmalarımı xoş müjdələr diləyi ilə sonuclayıram.

 

Astarainfo.az
Gülnar Əsədli