Müəllim-saflıq və ucalıq rəmzi…

Bu gün Biləsuvarda müəllimlərin peşə bayramı qeyd edilib

RİH Başçısı Mahir Quliyev: “Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir…

”Məlum olduğu kimi 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında”adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Əlamətdar gün münasibətilə səhər saatlarında Biləsuvarda bütün pedoqoji ictimaiyyət bir araya gəlmişdir. Saflıq, ucalıq rəmzi olan bu səcdəyəlayiq insanları təbrik etmək üçün rayonun  Heydər Əliyev Mərkəzində RİH Başçısı Mahir Quliyevlə yanaşı çoxsaylı idarə, təşkilat nümayəndələri də iştirak edirdi.

Bayram günündə iştirakçılar əvvəlcə  Ulu Öndər H.Əliyevin möhtəşəm  abidəsini ziyarət etmiş, qarşısında sayğı duruşu nümayiş etdirməklə əbədiyaşar liderə öz ehtiramlarını bildirmişlər.

Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra   Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov geniş çıxış edərək  rayonda təhsilin inkişafı istiqamətində görülən işlər, ölkə rəhbərinin hərtərəfli dəstəyi barədə ətraflı məlumat vermişdir.

Çıxış edən natiq son ilər rayon təhsilindəki nailiyyətlərdən danışarkən özünü yüksək peşəkarlığı, savadı, yetərli nəticələriylə  təsdiq etmiş müəllimlərə xüsusi dövlət qayğısından, aldıqları təltif və fəxri adlardan danışmışdır. Buna misal olaraq Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr  2017-ci il tarixli Sərəncamı ilə rayonumuzun ağsaqqal müəllimi Abbasov Cəmil Zöhrab oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülməsini vurğulamışdır.

Müəllimlərin Peşə günündə söz alan  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bütün təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. M.Quliyev bildirdi ki,  respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan  tarixi nailiyyətlər məhz Ümummilli Lider Heydər Əliyev  və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı  olan, cənab Prezidentimiz   İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Başçı Mahir Quliyev məzmunlu çıxışının sonunda bir daha  belə əvəzolunmaz insanlara öz sayğısını bildirərək, onlara ən xoş arzularını ifadə edərək: “Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir”-dedi.

Sonra  bir qrup təhsil işçisi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısı İlham Əliyev cənablarına və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.

Samir Qurbanov

Astarainfo.az