Lerik sakinləri TƏHLÜKƏDƏ – 5 ailə evini tərk etdi

“Son günlər ölkə ərazisində müşahidə edilən leysan xarakterli yağışlar Lerikdə sürüşmə zonalarını aktivləşdirib”.

Bu barədə Publika.az-a Lerik rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, yağışlar rayonun bir sıra yaşayış məntəqələrinə ziyan vurub:

“Rayonda bir sıra yaşayış məntəqələri -Veri-Əliabad, Noda kimi kəndləri aktiv sürüşmə zonalarında yerləşir. Sürüşmə səbəbindən 5 evə ziyan dəyib, 12 yaşayış evinin həyətini isə su basıb. Sürüşmədən ziyan dəyən 5 evin sakinləri müvəqqəti olaraq qonşularının mənzilinə köçüb. Bu gün artıq hava nisbətən mülayimləşdiyindən həmin evlərdəki problem aradan qaldırılandan sonra sakinlər öz mənzillərinə köçürüləcək. Həyətyanı sahələrini su basan ailələrin isə evlərində yaşaması təhlükəli deyil”.