Ötən ay evlənmək istəyən 7 nəfərdə QİÇS tapıldı

2017-ci ilin sentyabr ayında nikaha daxil olmaq istəyən 8843 nəfər müayinədən keçib.

Astarainfo.az  Modern.az-a istinadən bildirir ki,  Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Direktor qeyd edib ki, 240 nəfərdə talessimiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb.

Z.Əlimirzəyeva qeyd edib ki, ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək  333 401 nəfər tibbi müayinədən keçib. Onlardan 23 352 nəfərdə talessimiya daşıyıcılığı, 262 nəfərdə sifilis, 247 nəfərdə QİCS aşkarlanıb.

Onun sözlərinə görə, xəstəlik aşkarlanan 8 cütlük nikaha daxil olmaqdan imtina edib:

“İndiyədək 122 cütlüyün hər ikisində talessimiya daşıyıcılığı müəyyən olunub. Onlardan 70 cütlük bizə müraciət edib. Hamiləliklər zamanı 8 döldə xəstəlik aşkarlanıb. Cütlüklərin istəyilə tibbi abort vasitəsilə uşaqlar götürülüb”.

Qeyd edək ki, Ailə Məcəlləsinə dəyişikliklərin edilməsindən sonra bəzi normativ hüquqi aktların təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.

Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.