Tələbələrə müjdə: Bakıda müasir yataqxana kompleksi tikilir

“Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanılıb”.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib.

Nazir qeyd edib ki, yataqxana növbəti dərs ilinə tələbələrin istifadəsinə veriləcək : “Bu qəbildən olan digər məsələlərdən biri kimi ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçiririk. Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər”.