“Akademik Hüseyn Həsənov” kitabının təqdimatı olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun və AMEA-nın akademik A.Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli fizioloq alim və elm təşkilatçısı, Əməkdar Elm Xadimi, akademik Hüseyn Həsənovun xatirəsinə həsr edilən “Akademik Hüseyn Həsənov” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə, həmçinin A.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı təqdim olunub.
Tədbirdə MEK-in direktoru Leyla İmanova, Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımova “Akademik Hüseyn Həsənov” kitabı və görkəmli alimin elmi fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, kitabda Azərbaycanda fiziologiya elminin inkişafında xüsusi xidmətləri olan, elmin bu sahəsi üzrə ölkəmizi dünya konqreslərində layiqincə təmsil etmiş akademik Hüseyn Həsənovun həyat yolundan, elmi fəaliyyətindən ətraflı söz açılır. Mərkəzi sinir sisteminin fiziologiyasının öyrənilməsində, fiziologiyanın tədqiqi üçün laboratoriyaların açılmasında böyük əmək sərf etmiş alimin əsərləri bir sıra xarici ölkələrdə çap olunaraq dünya elmi ictimaiyyətinin diqqətinə çatdırılıb, məhz onun səyi nəticəsində SSRİ fizioloqlarının qurultayı Azərbaycanda keçirilib. Kitabda yer almış fotolarda fiziologiyanın inkişafından soraq verən tarixi sənədlər oxuculara təqdim olunur.
Tədbirdə tanınmış alim və ictimai xadim, akademik Hüseyn Həsənovun elmə, təhsilə verdiyi töhfələrdən, Azərbaycan fiziologiya elminin inkişafında əvəzsiz xidmətlərindən də söz açılıb. Qeyd edilib ki, H.Həsənov Azərbaycan fiziologiya elminin inkişafında böyük xidmətləri olan, çətin və şərəfli ömür yolu keçən alim, bacarıqlı elm təşkilatçısı idi. Ölkəmizdə fiziologiya sahəsində nailiyyətlərin qazanılmasında əvəzsiz rol oynayan, qısa ömründə çox işlər görən görkəmli akademikin yetirmələri hazırda onun işini müvəffəqiyyətlə davam etdirirlər.