Polis intihar etmək istəyən qızı xilas etdi – Şirvanda

Şirvanda mühafizə polisinin əməkdaşları gənc qızın həyatını xilas ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 14 radələrində mağistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları – polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.
Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyirmiş. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı qısa söhbətə tutublar və ani hərəkətlə  onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.
Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini F.Ə olduğu məlum olub.
Araşdırma aparılır.