Goranboyda avtomobil yolunun tikintisinə 5,7 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 Astarainfo.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.