Sərbəst güləşçilərimiz “Yuqra Kuboku” beynəlxalq turnirində iştirak edəcək

  Oktyabrın 28-29 tarixdə Rusiyanın  Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə “Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından SalamNews-a verilən məlumata görə, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək.
Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, oktyabrın 28-də 57, 65, 74 və 97 kq çəkidə qaliblər müəyyənləşəcək. 61, 70, 86 və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaq.