Türkiyə mətbuatı ölkəmizin mədəni həyatı və turizm potensialından yazıb

Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm nümayəndəliyinin layihəsi əsasında qardaş ölkənin “Food and Travel” jurnalında Bakı şəhərinin mədəni həyatı və turizm potensialı haqqında geniş məqalə dərc olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyi, paytaxt Bakının daha da gözəlləşdiyi bildirilir. Vurğulanır ki, Bakı qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi şəhərdir. Bu şəhər özünün memarlıq abidələri ilə göz oxşayır. Qədim tikililərlə yanaşı, yeni inşa olunmuş binalar da memarlıq abidələrinə çevrilib.
Müəllif bu kontekstdə öz unikallığı ilə seçilən Heydər Əliyev Mərkəzini örnək göstərir. Qeyd olunur ki, memarı Zaha Hadid olan bu bina görkəmi ilə görənləri heyran edir. İçərişəhərdən geniş bəhs olunan yazıda Bakının bu hissəsinin böyük tarixi hadisələrə şahidlik etdiyi bildirilir. Qala divarları ilə əhatə olunmuş bu tarixi məkan həm şəhər mərkəzi, həm də istehkam kimi orta əsr şəhərlərinə xas üslubda inşa olunub. Burada qərar tutan Qız qalası, Şirvanşahlar sarayı, “Ginnesin rekordlar kitabı”na düşmüş Miniatür Kitab Muzeyi və digər tarixi məkanlara şəhər sakinləri və turistlər daha çox maraq göstərirlər. Bakıda palçıq vulkanları, Qobustan qayaüstü rəsmləri, Yanardağ, Atəşgah kimi turistlərin marağını cəlb edən nadir ünvanlar yetərincədir. Turistlərin mədəni istirahəti üçün hər cür şərait yaradılıb.
Məqalədə ölkəmizin 1991-ci ildə müstəqillik əldə etdiyi, bu vaxta qədər isə 70 ildən çox SSRİ-nin tərkibində olduğu, həmin dövrlərin repressiyalar, 20 Yanvar kimi qanlı hadisələrlə xalqın yaddaşında qaldığı qeyd edilir: “Günümüzdə neftlə zəngin olan Bakı bu qanlı xatirələrinin üzərini XXI əsrin parıltısı ilə örtür. Bu gün Qanlı Yanvar qurbanlarının uyuduğu Şəhidlər xiyabanının yanında göy üzünə “Alov qüllələri” yüksəlir. Köhnə mehmanxanaların yerində isə yeni beşulduzlu hotellər, parklar, ticarət mərkəzləri qərar tutur. Azərbaycan sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə deyil, bu diyar qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazanıb. Sənətə, musiqiyə yüksək dəyər verilən ölkənin paytaxtında hazırda Beynəlxalq caz festivalı keçirilir”.
Yazıda güclü dostluq və qardaşlıq bağları olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanır. O da bildirilir ki, ölkəmizin zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.