“Bayraq qandır, bayraq intiqamdır.
Şəhidlərin qanıdır, qəlblərində odlanan üsyanıdır.
Vətənin namusudur, millətin şərəfidir.
Torpağın başlanğıcıdır, şəhidlərin müqqədəs andıdır.”

 

Bəli, bu gün hamı bir amal, bir məqsəd, bir BAYRAQ altında birləşib. Artıq neçə ildir ki, hər il 9 noyabr tarixini “Dövlət Bayrağı Günü” kimi qeyd edirik. Biləsuvarlılar isə bu günü ikiqat bayram əhval-ruhiyyəsi və təntənə ilə qeyd edirlər.
Əlamətdar tarixi gün münasibətilə Biləsuvar rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun şəhər ərazisinə giriş hissəsindən mərkəzədək böyük izdihamla “Bayraq yürüşü” keçirilib.
Yürüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüş şəhərin girişindən başlayaraq, Heydər Əliyev Mərkəzinədək davam edib.
Yürüşün sonunda bayrağımızı tərənnüm edən flaşmob nümayiş etdirilib.

Samir Qurbanov

Astarainfo.az