Bu gün Lənkəranda  yağan güclü yağış da “Bayraq yürüşü”nə mane ola bilməyib.  
Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən məlumat verir ki, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar  Lənkəran Dövlət Universitetinin təşəbbüsü ilə  keçirilən möhtəşəm  bayram  yürüşündə  universitetin professor-müəllim-tələbə heyəti  ilə yanaşı,Lənkəran Dövlət Humanitar Kollecinin  müəllim və tələbələri  də iştirak ediblər.
Şəhərin H.Əliyev prospektinin girəcəyindən start götürən yürüş Dövlət Bayraq Meydanına qədər davam edib.Güclü  leysan yağışın yağmasına  baxmayaraq bayraq yürüşünə hər iki təhsil müəssisəsindən təqribən mindən çox iştirakçı qatılıb. 4km-lik  məsafəni əhatə edən yürüş  boyu vətənpərvərlik ruhunda şüarlar səsləndirilib,Azərbaycan bayraqları əzəmətlə dalğalandırılıb.
Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor  Natiq İbrahimov  bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Professor Natiq İbrahimov  Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini rol oynadığını  diqqətə çatdırıb.
Xatırladaq ki,ötən il də Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü  münasibəti  ilə Lənkəranda  möhtəşəm  “Bayraq yürüşü” keçirilmişdi.
Esmira İsmayılova-Lənkəran

Astarainfo.az