Elmar Məmmədyarov Afrika İttifaqının komissarları ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Tərəflər hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqlarını qeyd edərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqəti çəkiblər.
Görüşdə Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoq prosesinə verdiyi töhfələri və bu xüsusda Bakıda keçirilən humanitar və mədəniyyətlərarası dialoq forumlarında Afrika İttifaqının və üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı məmnuniyyətlə vurğulanıb.
Həmçinin, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin digər tərəfdaş təşkilatlarla birlikdə Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr, Azərbaycan ilə UNESCO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyi qeyd edilərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılması və nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması barədə razılıq əldə olunub.