“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Astarainfo.az-a bildirilib ki, təşkilatın sədri, tədqiqatçı alim Seymur Nəsirov dərs ilinə yeni başlayan tələbələrin problemləri ilə maraqlanıb və onlara tövsiyələrini verib. Təşkilat rəhbəri eyni zamanda gənclərin hava limanında qarşılanması və müvəqqəti yaşayış yeri ilə təmin olunmasını təşkil edib, eləcə də sənədlərinin tamamlanması işində yardım göstərib.
Qeyd edək ki, altı nəfərdən ibarət azərbaycanlı tələbələr Bakıdakı Misir Mədəniyyət Mərkəzi tərəfindən ərəb dilini təkmilləşdirmək məqsədilə Qahirəyə bir illik kurslara göndərilib. Gənclərin ərəb dilinə diqqət ayırması Azərbaycanda turizmin inkişafı ilə əlaqədar ölkəyə gələn ərəb turistlərinin sayının ildən-ilə artması ilə bağlıdır. Turistlərə yüksək səviyyədə xidmətin göstərilməsində onlarla öz dilində ünsiyət qurmaq mühim rol oynayır.
Xatırladaq ki, bu, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin gənclərlə ilk işi deyil. Birliyin sədri Seymur Nəsirov mütəmadi olaraq Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşür, onlara öz dəstəyini göstərərək, problemlərinin həllində yardım göstərir.