Türkiyədə dünya şöhrətli alim Lütfi Zadənin xatirəsi yad olunub

Türkiyənin Kocaeli Universitetində dünya şöhrətli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadəyə həsr olunan anma mərasimi keçirilib.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, Kocaeli Universitetinin riyaziyyat klubu tərəfindən təşkil olunmuş mərasimdə professorlar Zahir Muradoğlu və Əli Dəmir, tələbə Fidan Nağıyeva və başqaları alimin şərəfli ömür yolundan danışıblar. Çıxışlarda görkəmli azərbaycanlı alimin fədakar əməyindən bəhs olunub. Bildirilib ki, Lütfi Zadə hər zaman dünya elm ictimaiyyəti, eləcə də riyaziyyatçılar tərəfindən ehtiramla yad olunacaq.

F.Nağıyeva Azərbaycanda dünya şöhrətli aliminə olan tükənməz sevgi, onun xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiram barədə iştirakçılara müfəssəl məlumat verib.