Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib – YENİLƏNİB

Tbilisi beynəlxalq havalimanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər havalimanına buraxılıb.

Gürcüstan DİN insidentlə əlaqədar məlumat yayıb. Məlumatda havalimanında partlayıcı qurğunun olması ilə bağlı xəbərin yalan olduğu bildirilir.

Tbilisi hava limanı artıq fəaliyyətini bərpa edib.

***** 20.08

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin beynəlxalq hava limanı təxliyə edilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, buna səbəb havalimanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəngdir.

Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.

Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb.

Təxliyə olunmuş sərnişinlər hava limanına yaxın ərazidədir. Polis əməkdaşları hava limanında, uçuş zolaqları və terminallarda axtarış aparırlar.