Astarainfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində Astara rayonunda fəaliyyət göstərən “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi rayonda yerləşən Şindan otelində “ Erkən nikah yeniyetmə və gəncləri təhsildən yayındırır” mövzusunda maarifləndirici təlim kursu həyata keçirir.

Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə layihənin əsas məqsədi yeniyetmə və gənclərin təhsildən yayınma hallarının artmasına səbəb olan erkən nikahlara qarşı maarifləndirmə işini gücləndirməkdən ibarətdir. Bu məqsədlə biz ölkəmizin müxtəlif rayon və şəhərlərindən olan gəncləri maarifləndirmək üçün bir araya topladıq.

Layihə çərçivəsində Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Tovuz və Sumqayıtdan seçilmiş gənclər üçün 3 gün davam edəcək interaktiv təlim kursu təşkil olunub.

Tədbirdə Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis kapitanı Anar Atakişiyev və Lənkəran Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin baş inspektoru, polis baş leytinantı Fazil Bağırov çıxış edərək erkən nikahın yeniyetmə və gənclərin tam orta təhsilini yarımçıq qoyaraq müxtəlif səbəblərdən qanunsuz nikaha daxil olması və bunun törətdiyi fəsadlardan, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət və cəzalardan, erkən nikaha girmiş şəxslər ayrıldıqdan sonra meydana çıxan mülkiyyət, aliment, uşağın atalıq və soyad problemlərindən, təhsil hüququnun pozulmasından, bu sahədə valideynlərin rolundan, maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Təlimçi Afiq Məlikov mövzu haqqında daha ətraflı məlumat verərək gənclərlə maraqlı fikir mübadiləsi apararaq və onları aktiv müzakirələrə cəlb edib. Müzakirələrə polis əməkdaşları da qoşularaq gəncləri bu sahədə maraqlandıran suallara və bir çox hüquqi məsələlərə aydınlıq gətiriblər.
Kursun sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikat təqdim olunacaq.

Astarainfo.az