LDU AMEA-nın Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək.

Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitututunun direktoru akademik Məmməd Salmanov arasında imzalanan müqavilədə Cənubi Xəzərin Lənkəran-Astara Şelfinin Müasir Sanitar hidrobioloji və ekoloji vəziyyətinin birgə öyrənilməsi və mütəxəsis hazırlığının yerinə yetirilməsi nəzərdə tutulub.

Müqavilənin şərtlərinə əsasən Lənkəran Dövlət Universiteti Lənkəran- Astara bölgəsində introduksiya olunmuş nadir qiymətli təsərrüfat göstəriciləri olan bəzi bitkiləri müəyyən edir və həmin bitkilərin Mikrobiologiya institutunun ərazisində iqlimləşməsini təmin etmək üçün ilkin materialı təşkil etməyi öhdəsinə götürür.Eyni zamanda,Xəzərin Lənkəran-Astara Şelfində vətəgə əhəmiyyətli, qiymətli balıq növlərinin inkişafı və örüş yerləri kimi yüksək dərəcəli bioloji məhsuldarlıqları ilə səciyyələnən akvatoriyanı öyrənir, eləcə də Lənkəran təbii vilayətinin Xəzər sahilinin rekreasiya, kurort-turizmin inkişafı üçün lazımı yerləri haqqında məlumatlar hazırlayır.

Mikrobiologiya İnstitutu ilə bağlanmış müqaviləyə əsasən LDU elmi tədqiqat məqsədilə Lənkəran Astara bölgəsinə ekspedisiyaların keçirilməsinə yaxından köməklik göstərməli ,birgə elmi seminarlar, simpoziumlar və konfranslar təşkil etməlidir.

Mikrobiologiya İnstitutu isə öz növbəsində Xəzərin Lənkəran-Astara Şelfində vətəgə əhəmiyyətli, qiymətli balıq növlərinin inkişafı və örüş yerləri kimi yüksək dərəcəli bioloji məhsuldarlıqları ilə səciyyələnən akvatoriyanı, eləcə də Lənkəran təbii vilayətinin Xəzər sahilləri rekreasiya, kurort-turizmin inkişafı üçün əlverişli məlumatları öyrənib LDU-ya verilməsini təmin etməlidir.

Xəzər ətrafı ərazilərdə sahil sularının müasir ekoloji vəziyyətinin öyrənilməsi, ekosistemin sabitliyinin mühafizəsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin əsaslandırılması üçün kompleks yönümlü mikrobioloji, hidrobioloji tədqiqatların aparılması da müqavilə şərtlərinə daxildir.

Birgə elmi tədqiqatların aparılmasının əsas istiqamətlərindən biri də elmlə tədrisin inteqrasiyasına nail olmağa qarşılıqlı zəmin yaratmaqdır.
Xatırladaq ki, elmi-tədqiqatların aparılmasında Mikrobiologiya İnstitutunun imkanlarından –tədris-təcrübə labaratoriyalarından istifadə olunacaq.

Qeyd edək ki, əməkdaşlıq müqaviləsi 5 il müddətinə bağlanılıb.

Esmira İsmayılova

Astarainfo.az