Türkiyə Respublikasının İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, noyabrın 23-də “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilir. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
AZƏRTAC xəbər verir ki, sessiya xüsusi olaraq Dakar limanı – Sudan dəmir yolu layihəsi, “Bir kəmər – bir yol” təşəbbüsü və Bakı-Tbilisi-Qars (BTQ) layihələri ilə bağlıdır. Sessiya layihələrin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər, bu dəhlizlərin daha yaxşı fəaliyyət göstərmələri və marşrut üzərində yerləşən ölkələrin mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu günlərdə açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək.
Qeyd edək ki, tədbirdə islam ölkələrinin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, təhlil mərkəzlərinin, özəl sektor və akademik qurumların nümayəndələri iştirak edirlər.
Bu sessiya yeni transmilli nəqliyyat dəhlizlərinin inkişafı üçün ən maraqlı üç layihə müzakirə olunur. Birinci layihə Avrasiya ölkələri arasında əlaqə və əməkdaşlığın inkişafını nəzərdə tutan, Çin tərəfindən təklif olunan “Bir kəmər – bir yol” təşəbbüsüdür. İkinci layihə – Afrikada ən böyük infrastruktur layihələrindən biri olacaq Dakar limanı – Sudan dəmir yolu layihəsidir, üçüncü mərhələ isə Tarixi İpək Yolunun tamamlanmasında əhəmiyyətli rol oynayan Türkiyə, Gürcüstan, Azərbaycanın uğurla reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidır.
Hər üç layihənin öz tarixi və təcrübəsi var. “Bir kəmər – bir yol” layihəsi Çini Avropa və Şimali Afrika ölkələri ilə ən sürətli və qənaətcil yolla birləşdirmək məqsədi daşıyıb, böyük maliyyə vəsaiti tələb edir. BTQ dəmir yolu layihəsi marşrut boyu ölkələr arasında yalnız regional inteqrasiya və ticarəti asanlaşdırmayıb, eyni zamanda Şərq-Qərb istiqamətində çatışmayan hissəni tamamlayır. Bu iki layihədən fərqli olaraq, Dakar limanı – Sudan dəmir yolu iqtisadi cəhətdən daha az inkişaf etmiş ölkələri əhatə edib, Çin təşəbbüsü ilə müqayisədə tamamlanması daha az investisiya tələb edir.