Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti böyük imkanlara malikdir”

İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü iclası nazirlər toplantısı çərçivəsində “Transmilli nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri” mövzusunda panel keçirilib.
“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Avrasiya məkanındakı dəmir yolu şəbəkələrinin perspektivləri müzakirə olunub.
Sudanın nəqliyyat naziri İbrahim Yusif Məhəmməd Abdallanın sədrliyi ilə keçirilən paneldə Səudiyyə Ərəbistanı və Çindən olan nümayəndələr də iştirak ediblər.
Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələrindən danışıb, ötən ay istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə respublikamızın beynəlxaq və regional nəqliyyat dəhlizində əhəmiyyətli mövqeyə sahib olduğunu vurğulayıb.
QSC sədri yük qatarları vasitəsilə Rusiyadan ixrac edilən taxta, dəmir, daş kömür, Qazaxıstandan taxıl və taxıl məhsullarının daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük imkanlara malik olduğunu deyib.
C.Qurbanov həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi başa çatmaqda olan Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu keçidindən də danışıb və bu layihələrlə Azərbaycanın tranzit ölkəyə çevrildiyini bildirib.