Pakistanın paytaxtı İslamabadda polislə aksiyaçılar arasında toqquşmalar zamanı 1 nəfər həlak olub, 130 nəfər xəsarət alıb.

Bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb.
Məlumata görə, “Teehrik-e-Labaik” hərəkatının fəalları artıq 3-cü həftədir Feyzabadda yolayrıcında şəhərin əsas küçələrini bağlayaraq oturaq aksiya keçirirlər. Aksiyaya səbəb hakimiyyət orqanlarının seçki haqqında qanuna ziddiyyətli düzəliş etməsi olub.
Aksiyaçıların dağıdılması üçün 8 min polis əməkdaşından istifadə edilib. Polis aksiyaçılara qarşı yüksək təzyiqli su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Buna cavab olaraq aksiyaçılar polisləri daşa basıblar. Nəticədə 1 polis əməkdaşı başından xəsarət alaraq ölüb.
Pakistanın Tibb İnstitutunun müəllimi Altaf Hüseyn də bildirib ki, aksiyanın dağıdılması zamanı 130 nəfər xəsarət alıb. Onlardan 45-i polisdir. Etirazçılardan 150-i saxlanılıb.
“Geo TV”nin məlumatına görə isə, toqquşmalarda 4 nəfər həlak olub, daha 250 nəfər xəsarət alıb. Hadisə yerinə əlavə polis və ordu qüvvələri cəlb edilib./report/