Beynəlxalq və respublika müsabiqələri laureatı, Əməkdar Artist, tarzən Sahib Paşazadə və tanınmış pianoçu Səidə Zülfüqarovanın Parisdə Bulon-Bilankur Birləşmiş Protestant Kilsəsində “Şərqlə qərb görüşəndə” adlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Fransa, İtaliya klassik musiqi bəstəkarlarının, eləcə də Arif Məlikov, Fərhad Bədəlbəyli, Həsən Rzayev kimi azərbaycanlı bəstəkarların əsərləri və “Segah” muğamı səsləndirilib.
“Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən Sahib Paşazadə Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən tarzən bir çox beynəlxalq mükafatların sahibidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran-pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.
Azərbaycanın gənc tarzəni Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə 2017-ci ildə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının “Qran pri” mükafatına layiq görülüb.
Pianoçu Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.
2012-ci ildə piano müəllimi dövlət diplomunu alan S.Zülfüqarova Sorbon Universitetində xorda akompanyatris, İl de Fransın Bayi Romanvilye musiqi məktəbində və Provans vilayətinin Pauline Viardot Konservatoriyasında müəllim işləyib. Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi Konservatoriyasının piano müəllimi Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb.AZƏRTAC