Prezident İlham Əliyev Tərtərə səfəri çərçivəsində Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Qeyd olunub ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri – məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.
Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.
Prezident İlham Əliyevə məlumat verilib ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.
Sonra Ağdərə rayonundan məcburi köçkün İlqar Qasımov çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
***
  12:02
  Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
 Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, Prezident İlham Əliyev açılışda iştirak edib.
  Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır.
 “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki,  uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
 Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən, tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.
 Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
***
11:45
Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfər edib.
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezidentə məlumat verib.
Prezident İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
 Məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
 Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.