Qürbətdə vətən həsrəti ilə yaşayan həmvətənlərimiz

Və ya “gözdən uzaq olunca, könüldən də uzaq olur” fikrinin üzərindən qırmızı xətt çəkənlər
Bir neçə ildir ki, xaricdə yaşayan, vətəni üçün yaşadığı ölkələrdə faydalı işlərlə məşğul olan, ölkəsini tanıdan insanları araşdırıram. Həqiqətən də, bu insanlar getdikləri uzaq diyarlara daxillərində vətənin bir parçasını aparırlar. O vətən ki, harada olursa-olsunlar, həmin yer onlar üçün bir Azərbaycandır. Bu insanlar getdikləri ölkələrdə Azərbaycanımızın mədəniyyətini, tarixini, adət-ənənələrini təbliğ edir, haqq səsini dünyaya çatdırırlar. Yaşadıqları ölkələrdə etdikləri faydalı işlərdən o qədər ürək dolusu danışırlar ki, onlarla qürur duyursan.
Bu gün qabartmaq istədiyim mövzu həmvətənlərimizin xaricdəki fəaliyyətləri deyil. Uzaq bir ölkədə yaşayan həmvətənlərimizdən biri Azərbaycana gələndə onlarla görüşür, hal əhvallarını xəbər almağa çalışıram. Onlar bu səfərlərinin hər birində gözlərindəki və ürəklərində o həsrəti, yanğını elə büruzə verirlər ki, təsirlənməmək mümkün olmur. Elə “vətən” deyirlər ki, sanki bu söz bağırlarından qopub çıxır. Hətta hava limanından düşər-düşməz ilk növbədə bu torpağın daşını, torpağını öpən insanları görmüşəm. Gedərkən özləri ilə bir parça vətən torpağı və ya daşı aparanlara  da az rastlaşmamışam. Danışdıqca hiss edirsən ki, onların bir sevgisi, bir yanğısı var: Azərbaycan!
İstərdim ki, onların bir neçəsi ilə sizləri daha yaxından tanış edim. “Gözdən uzaq olunca, könüldən də uzaq olur” fikrinin üzərindən qırmızı xətt çəkən bu insanların vətən həsrətinin necə içdən və dərin olduğunu az da olsa sizlərə göstərmək istədim.  Qürbət hisslərinin necə ağır olduğunu  öz dillərindən eşidin:
“Axı vətən sadəcə, torpaq kütləsi deyil”
 Misirdə Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimi  Seymur Nəsirov uzun illərdir bu ölkənin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan prof. Dr. Şeyx Əli Cümənin xarici tələbələrin işi üzrə köməkçisidir. İrsi canlandırma üzrə “Halqa” fondunun təsisçilərindən biri və baş direktoru olan Seymur müəllim Azərbaycanın hər guşəsinin gözəl olduğu qədər də, qəhrəmanlar və alimlər diyarı kimi tanındığını vurğuladı: “Hər zaman Azərbaycan haqqında ərəb mənbələrində oxuyanda fərəh hissi duyuram və fəxr edirəm ki, mən azərbaycanlıyam. Misirdə yerli və xarici vətəndaşlarla görüşlərimdə də sevərək bu həqiqətləri çatdırmağa çalışıram. 22 ildir Misirdə təhsil alıb, vətənimlə bağlı tədqiqatlar aparıram. Bir an da olsa vətəni unutmadıq, əksinə vətənə sevgimiz gündən-günə artır. Bu sevgidə doğma rayonum Astaranın xüsusi yeri vardır. O torpaqda dünyaya göz açmış alim və qəhrəmanlar çoxdur. Misal üçün, akademik Ziya Bünyadov, Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev, uşaqlıq dostlarım – Milli Qəhrəman Yalçın Nəsirov, şəhidlər Elşən Məmmədov, Azad İbrahimov və s. kimi şəxsiyyətləri qeyd etmək olar. Astara Azərbaycanın ən səfalı rayonlarından biridir. Bir tərəfində dəniz, bir tərəfində yamyaşıl meşə ilə örtülü dağları olan bu gözəl diyar üçün necə darıxmamaq olar?! Dünyanın bir çox iqlim növlərinin təzahür etdiyi Astaram, sanki bu dünyanın cənnətidir. Misirdə nə qədər uğur qazansam da, maraqlı həyat keçirsəm də, yenə ana torpağımın yerini verməz”.
Hazırda dünyanın 58 ölkəsindən gələn 1000-dən çox tələbələrə rəhbərlik edən və bu yolla sadəcə, Misirdə deyil, dünyanın hər guşəsində vətənimizi təbliğ edərək, həqiqətlərini çatdırmağa çalışan müsahibim deyir ki, insanı vətəninə bağlayan amillər çoxdur. Ən əsası onun ruhu, imanı, valideynləri, ilk göz açanda aldığı nəfəsi, xatirələri, qohum əqrəbalarıdır: “Yadıma Həzrəti Məhəmməd peyğəmbərdən vətənə sevgi ilə bağlı bir rəvayət düşdü. O, Məkkəni tərk edəndə belə buyurmuşdur: “Ey Məkkə, sən mənim ən sevdiyim məkansan, əgər sənin xalqın məni məcbur etməsəydi, heç zaman səni tərk etməzdim”. Halbuki ona Məkkədə vermədikləri əzab qalmamışdı. Amma o, heç zaman vətənini unutmadı. Biri ana vətəni Məkkədən Mədinəyə gələndə ondan hər zaman Məkkə haqqında soruşar və darıxaraq kədərlənərdi. Axı vətən sadəcə, bir torpaq kütləsi deyil! Heç ayrılarmı könül candan!? Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur”.
“Biz yaşamırıq”
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində  yaşan azərbaycanlı yazar, rejissor Sevinc Səfərova da öz təəssüratlarını bölüşərkən dedi ki, dünyanın harasına gedirsə-getsin, ora cənnət olsa belə, öz ölkənin yerini heç nə vermir: “Los-Ancelesdə yaşayıram, övladlarım burada təhsil alır. Burdan ölkəmlə bağlı bütün hadisələri izləyir, mütəmadi olaraq orada baş verən proseslərdən xəbərdar oluram.  Mənim yazı masamın üzərində Azərbaycan bayrağı, armudu stəkanlarımız və buta var. Evimin bir guşəsini Azərbaycanın qədim ornamentləri ilə bəzəmişəm. Orada oturub romanlarımı yazıram və heç olmasa o guşə ilə təsəlli tapıram. Həyatımda çatışmayan yeganə şey isə vətənimdir. Elə hesab edirəm ki, bədənimin, ruhumun bir hissəsi Azərbaycandadır. Burada özümü yarımçıq hiss edirəm. Tez-tez Azərbaycana gedib gəlsəm də, içimdəki o torpaq yanğısı soyumur. Onu susdura bilmirəm. Mənim üçün burda gördüyüm hər bir Azərbaycanlı vətəndaş çox doğmadır. Həyatda valideynlərimi itirmişəm. Baxmayaraq ki, Azərbaycanda doğmalarım yoxdur, yenə də tanıdığım yaxınlarım mənə çox doğma və əzizdirlər. “İnsan öz doğmalarını, əzizlərini görmədən necə yaşaya bilər” sualını versəniz, cavabım “biz yaşamırıq” olacaq.
“Vətən sənin bir addımlığında olur, əlini uzadırsan, amma…”
Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva 17 ildir Fransada yaşayır. Deyir ki, Parisə getdiyi ilk illər çox darıxıb və vətən üçün burnunun ucu göynəyib: “Açığı deyim ki, insanın həyatında elə anlar olur ki, doğma vətən sənin bir addımlığında olur, əlini uzadırsan, amma ona çata bilmirsən. Darıxıram, əlbəttə ki… Ölkəmin hər qarışı mənim üçün cənnətdir, əzizdir. Ən çox doğulub-boya başa çatdığım Qubadlı rayonu, Xanlıq kəndi üçün darıxıram. Bütün uşaqlıq xatirələrim ora ilə bağlı olduğu üçün tez-tez o məkanı yuxularımda da görürəm. Özü də yuxu kimi deyil, gerçək həyat kimi. Təəssüf ki, artıq 25 ildir o məkanı görmək nə mənə, nə də minlərlə həmvətənlilərimizə qismət olmayıb. 17 ildir ki, ayrı düşdüyüm ailəm üçün çox darıxıram. Baxmayaraq ki, tez-tez Azərbaycana gəlirəm, onları görürəm”.
“İstədim ki, qızlarım da Şuşanı unutmasınlar”
20 ildən artıqdır ki, Parisdə yaşayan Azərbaycanlı ifaçı Təranə Allahverdiyeva-Monbarbü ilə söhbətimizdə də gözlərində vətən sevgisi hiss olunurdu.  Şirin Qarabağ ləhcəsini unutmayan müsahibimizin dilindən Şuşa kəlməsi düşmürdü. İki qız övladı olan Təranə Allahverdiyeva onlara Ulduza Şuşa və Leyli Şuşa adlarını qoyub. Deyir ki, hər dəfə onların adlarını çəkəndə, Şuşanı xatırlayır. Müsahibimin sözlərinə görə, hazırda Şuşa işğal olunduğu üçün ora əli çatmır, ancaq qızlarından Şuşanın qoxusunu alır: “Qızlarım dünyaya gələndə, yoldaşım Eriklə belə qərara gəldik ki, hər ikisinə  azərbaycanlı adı qoyaq. Ulduza nənəmin, Leyli isə anamın sevdiyi addır. Bu adı ona görə qoyduq ki, uşaqlar Şuşanı unutmasınlar və bilsinlər ki, onların bir tərəfi azərbaycanlıdır. İstədim ki, mənim kimi, qızlarım da Şuşanı unutmasınlar. Şuşanı onsuz da unutmaq mümkünsüzdür”.
Parisdə Azərbaycan musiqisini təbliğ edən ifaçımız öz təəssüratlarını bölüşərkən onu da qeyd etdi ki, 20 ildir vətəndən ayrı yaşayır, ancaq Azərbaycan üçün burnun ucu göynəyir: “Vətənim üçün çox darıxıram. İnsan vətəndən ayrı yaşayanda sanki vətənə daha çox bağlanır. Özündən asılı olmayaraq ölkəsinin hər xırda bir uğuruna o qədər sevinir ki, sanki dünyaları sənə veriblər… Ən çox da nənəm, Qarabağım, Şuşam, Laçınım, oradakı doğma evim üçün darıxıram. Oradakı uşaqlıq dostlarım, xatirələrim üçün darıxıram… Çox darıxıram”.
“Qəriblik sağalması da öz əlimizdə olan bir “nasazlıq”dır”
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin, Nyu-York “Azərbaycan Evi”nin rəhbəri Minəvvər Vahabova (Kaşiyeva) deyir ki, 10 ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşasa da, ürəyi vətənlə döyünür: “Düzünü deyim ki,  dəlicəsinə nostalji hisslər zaman-zaman gəlir insana. Birdən elə olur ki, həmin andaca bilet alıb Bakıya uçmaq gəlir insanın ağlına. Doğrusu, Azərbaycan üçün və ən əsası Bakıdakı ocağım üçün darıxıram. Ancaq ürəyimin ən kövrək telləri doğulub boya-başa çatdığım Şəkim üçün əsir. Məktəbə getdiyim o daşlı küçələr, qarda yıxılıb-durduğum yollar məni özünə yaman çəkir hərdən. Hətta rəsmlərə baxıb hönkürdüyüm zamanlar da olub. Bir sözlə, qəriblik insanların könüllü olaraq qəbul etdiyi “nasazlıqdır” məncə, sağalması da öz əlimizdə olan bir “nasazlıq””.
Şuşada anadan olub Almaniyada Münhen orkestrinin  baş dirijoru olan azərbaycanlı musiqiçi Fuad İbrahimov isə deyir ki, vətən həsrəti həsrətlərin ən böyüyüdür: “Mənim doğulub boya-başa çatdığım Şuşa hər gün yuxularıma girir. Şuşanı yuxumda elə görürəm ki, sanki bütün ömrümü orada yaşamışam. Çünki Şuşanı hər xırdalığına qədər yaxşı xatırlayıram. Bəzən oyanıb yuxumu anama danışıram. Ailə üzvlərimdən kiməsə  yuxularımı danışanda, soruşur ki, sən bunu necə yadında saxlayıbsan? Sən yuxunu bu qədər dəqiqliklə görürsən?”
Onlar qürbət qaranquşlarıdır. Hər nə qədər bizdən, vətəndən uzaqda yaşasalar da qəlbləri bu torpaq üçün atır. Hər gecə yuxularında da olsa, vətənlərini ziyarət edirlər. Onlar üçün vətən, müqəddəslik simvoludur.
Heç vaxt yadımdan çıxmaz, bir gün ABŞ-da yaşayan yazar Sevinc Səfərovaya bir sualla müraciət etmişdim: “Qürbətdə yaşayanlar niyə sosial şəbəkələrdə həsrətli statuslar yazırlar?” Aldığım cavab  mənə çox təsir etmişdi: “Vətən həsrəti doğma dilində danışmaqdan məhrum olmaq deməkdir. Bilirsən bu, insan üçün necə böyük faciədir? Yox, çətin anlayasan. Vətən həsrəti hər gün vətənə bir gün dönəcəyinin həsrət dolu ümidi ilə yaşamaqdır. Vətən həsrəti üzdə gülmək, gözdə yaşamaqdır vətən sevgisini. Vətən həsrəti qərib ölkədə cəhənnəmi yaşamaqdır, vətən necə olursa olsun, vətənini cənnət bilməkdir, insanları necə olursa olsun, onları ən yaxşı bilməkdir…Vətən həsrəti, ayağının yenidən vətənin torpağına basdığını xəyal etməkdir. Vətən həsrəti vətənə dönmək üçün aldığın bileti əlində tutmağın, saatları, dəqiqələri  saymağın sevincidir. O bilet, sənin üçün cənnətə gedən yoldur”.

Xəyalə Rəis

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir

Astarainfo.az Kaspi.az-a istinadən təqdim etdi.