Son günlər bir sıra Avropa ölkələrində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzilərində isə həyat iflic olub.

Böyük Britaniyada yağan güclü qar bütün nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Əhaliyə məcburiyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Buna səbəb ölkə ərazisində tüğyan edə “Ana” qasırğasıdır.
Bir neçə gündür soyuq hava axını Türkiyədə də müşahidə olunur. Əhaliyə bununla bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Publika.az-a açıqlamasında yaxın günlərdə ölkə ərazisində hava şəraitində mühüm bir dəyişikliyin gözlənilmədiyini deyib:
“Ölkə ərazisində hava şəraiti nisbətən sabit və əsasən yağmursuz keçəcək. Dekabrın 11-i axşam, 12-si səhər və axşam saatlarında Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə şimal-qərb küləyinin güclənməsi müşahidə ediləcək. 13-14-də isə temperatur rejimində dəyişiklik gözlənilmir”.
Bu il qışın necə keçəcəyi ilə bağlı proqnoza gəldikdə, G.Məmmədova bunun dekabrın 15-dən sonra açıqlana biləcəyini dedi.