Astara şəhər 6 saylı tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar“Xocalı unudulmaz yaramızdır” mövzusunda tədbir keçirilib.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Elçin Mirzəzadə  anım mərasimində Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğını tarixdə misli bərabəri olmayan faciə adlandıraraq, bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirib.
E.Mirzəzadə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq, bu istiqamətdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.
Anım mərasimi şagirdlərin hazırladığı Xocalı hadisələrini əks etdirən ədəbi-bədii kompozisiya ilə sona çatıb.
Astarainfo.az