Dövlət İmtahan Mərkəzinin martın 11-də Astara və Lənkəran rayonlarının ümumtəhsil məktəblərinin məzunları üçün keçirdiyi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın birinci mərhələsində 3545 doqquzuncu sinif şagirdi iştirak edib.
İmtahanda iştirak edən şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı verilən “Yaddaş kitabçası”nda onlara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.
Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün Astara rayonunda 3 yerdə (şəhər 1 və 5 nömrəli, Pensər kənd tam orta məktəblərində), Lənkəran rayonunda isə 5 yerdə (şəhər 4 nömrəli, Sütəmurdov, Vilvan, Səpnəkaran kənd, Liman şəhər 1 nömrəli tam orta məktəblərində) imtahan mərkəzləri ayrılıb.
İmtahanların idarə olunmasına hər iki rayonda 17 imtahan rəhbəri, 322 nəzarətçi-müəllim ayrılıb.
Astara şəhər 5 nömrəli tam orta məktəbində keçirilən buraxılış imtahanının rəhbəri Əfqan Əliyevin verdiyi məlumata görə, iştirakı nəzərdə tutulan 513 şagirddən 20-si müxtəlif səbəblərdən imtahana gəlməyib.
Buraxılış imtahanları hər iki rayonda uğurla başa çatıb.AZƏRTAC