“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağsu, Ağdaş və Qobustan rayonlarının məktəbliləri Lənkəran rayonu ilə tanışlıqdan sonra martın 17-də Masallı və Astara rayonlarına səyahət ediblər.
Masallıda tur-aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Məktəblilər Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiya iştirakçıları Uşaq İncəsənət Məktəbi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyinə səyahət ediblər. Sonra “ASAN həyat” kompleksinə gələn məktəblilər buradakı İntellektual Mərkəzdə keçirilən Masallı məktəblilərinin “Breyn-rinq” yarışmasını izləyiblər.
Ekskursiya Masallı rayonu ilə tanışlıqdan sonra günün ikinci yarısında Astara rayonunda davam etdirilib.
Humanitar aksiyanın iştirakçılarını Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tur-aksiyanın iştirakçılarına Astaranın tarixi, adət-ənənələri, mədəniyyət abidələri, əhalinin məşğulluğu, turizm potensialı, sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilmiş maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək dəyərləndirən Y.Rəsulova məktəblilərə Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı yaradan humanitar aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib. Rayon icra hakimiyyəti başçısının müavini qarşıdan gələn Novruz bayramı münasibətilə şagirdlərə xoş arzularını çatdırıb.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.
Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə məktəblilərə məlumat verilib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.
Sonra Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə səfər təşkil olunub.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, 2015-ci ildə Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 18 hektara çatdırılacaq. “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamına müvafiq olaraq park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlə davam etdirilir. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançası, 450 metr uzunluğunda qala divarları, Bayraq meydanı tikilir.
İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək. Ərazidə, həmçinin uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkəran rayonuna qayıdıblar.AZƏRTAC