Türkiyənin Gebze şəhərində yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 21-ci “Zəfər Kuboku” beynəlxalq turniri keçirilir.
Turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Herseqovina ilə yanaşı, yığma komandalarımızın üzvləri də iştirak edirlər.
İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kiloqram, qadın güləşi üzrə 43, 49 və 57 kiloqram çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi 65 kq) iştirak ediblər. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıblar.
İlk yarış günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər. Finala yüksələn bütün idmançılarımız görüşlərini qələbə ilə başa vurub və yığmamıza qızıl medal qazandırıblar.
Gümüş medalı isə yığmamıza 43 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Nəzərova qazandırıb. Dörd idmançının mübarizə apardığı bu çəki dərəcəsində yarışlar dairəvi sistem üzrə keçirilib.
Sevinc Əhədova (49 kq), Murad Abbasov (55 kq) və Ruslan Hədisov (65 kq) isə bürünc medala sahib olublar.
Turnirə aprelin 2-də yekun vurulacaq. xezerxeber.az