Martın 30-u axşam saatlarından başlayaraq Quba və Qusar rayonları ərazisinə qar yağıb.
Dağlıq yaşayış məntəqələrinə qarın hündürlüyü 26 santimetrə çatır.
Qar yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 1-6 dərəcəyədək aşağı düşüb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, şimal bölgəsində ən çox yağıntı rayonun Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 26 santimetrdir. Qubanın Qırız kəndi ərazisində qarın hündürlüyü 17, Qusarın Ləzə kəndində isə 20 santimetr olub.
Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü müvafiq olaraq 3 və 9 santimetrdir.