“Türkiyənin “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları çərçivəsində Suriyada 4 min kv. km. ərazi terrorçulardan azad edilib. “Fərat qalxanı” əməliyyatı ilə azad edilən ərazilərə 160 min suriyalı qayıdıb”.

Bunu Ankarada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə Suriya böhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, ölkəsində 3 milyon suriyalı qaçqın var: “Tel-Rifat bölgəsini də suriyalılar üçün yaşanacaq hala gətirmək üçün Rusiya və İranla birgə əməkdaşlığa hazırıq. Türkiyə PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı sona qədər mübarizə aparacaq, o torpaqlardan bu terror təşkilatı təmizlənəcək. Suriyada İŞİD və PYD/YPG terror təşkilatları ilk baxışda bir-biri ilə savaşan kimi görünsə də, əslində bu terror təşkilatları bir-birinin yolunu açır. Əvvəlcə bir yerə İŞİD terror təşkilatı daxil olur, sonra guya İŞİD-i təmizləmək adı ilə ora PYD/YPG daxil olur”.

Türkiyənin Suriya ilə 900 km sərhədi olduğunu xatırladan R. T. Ərdoğan Suriyada qeyri-sabitliyin Türkiyəyə təsirsiz ötüşmədiyini vurğulayıb: “Baş verən qarşıdurmalardan itirən Suriya xalqıdır. Suriya və bölgəmizin gələcəyinin 3-5 terrorçunun əsiri olmasına imkan verməyəcəyik. Beynəlxalq ictimaiyyəti Suriya böhranının siyasi yolla həllinə dəstək verməyə dəvət edirəm”.