Yeni Azərbaycan Partiyasının Astara rayon şöbəsi prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Astarainfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş aprelin 3-də rayon ağsaqqalları və veteranları ilə keçirilib.
YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxışında bildirib ki, ağsaqqallar və veteranlar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır: Prezidentimiz cənab İlham Əliyev ağsaqqallara və veteranlara xüsusi ehtiramla yanaşır, onlara güvənir. Azərbaycan ağsaqqalları və veteranları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların və veteranların mühüm rolu var. Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Əminəm ki, ağsaqqallar və veteranlar bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcək, 11 aprel prezident seçkilərində də fəal olacaqlar”.
Sonra çıxış edən YAP Astara rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev ağsaqqalların dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəklədiyini vurğulayıb: “Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Astara rayon sakinlərini rayon ağsaqqalları və veteranları adından 11 aprel 2018-ci il tarixdə bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik”.
Tədbirdə çıxış edən Həbib Rəsulov, Fərbiyyə Şabanova və başqaları son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulayıblar.
Qeyd edilib ki, bu gün Azərbaycanda ağsaqqalların və veteranların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Xüsusən gənc nəslin tərbiyəsində onların rolu yüksək qiymətləndirilir. Bildirilib ki, ağsaqqallar və veteranlar qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.

Astarainfo.az