Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur. Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında “burun əti” kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır? 
 Astarainfo.az  lent.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, adenoid burun-udlaqda yerləşən limfa toxumadır: “Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlirik”.
Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur: “Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir”.
C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi: “Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir”.
Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır”.