Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına start verilib.
Mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün birinci görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real Madrid” klubunu qəbul edib. İlk hissənin əvvəlindən üstünlüyü ələ alan “Real Madrid” komandası ilk dəqiqələrdə Kriştianu Ronaldonun zərbəsi ilə hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 64-ci dəqiqəsində Ronaldo yenidən fərqlənərək komandasını irəli çıxarıb: 0:2. 72-ci dəqiqədə Marselo 3-cü qolu komandasının aktivinə yazıb. Beləliklə, qarşılaşma “Real”in 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunu isə İspaniyanın digər klubu “Sevilya” ilə Almaniyanın “Bavariya”-sı arasında baş tutub. Matçın favoriti sayılan “Bavariya” səfərdə minimal hesabla qalib gəlib – 1:2. Oyunun 31-ci dəqiqəsində meydan sahibləri Paulo Sarabiyanın zərbəsi ilə hesabı açsalar da, təşəbbüsü əldə saxlaya bilməyiblər. Seviliyalı Xesus Navas öz qapısına vurduğu topla hesabı bərabərləşdirib. “Bavariya”nın futbolçusu Tiaqo Alikantaranın vurduğu qol isə komandasına qələbə qazandırıb.AZƏRTAC