Astarainfo.az xəbər verir ki, aprelin 7-də YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara  şəhər Park-Bulvarında seçicilərlə Zirvə görüşü – konsert-mitinq keçirilib.
Zirvə görüşündə 12 mindən çox astaralı iştirak edib. Zirvə görüşünə gələn seçicilərin qonaqları sürəkli alqışlarla qarşılaması və “İlhamla irəli”  şüarlarının dəfələrlə səsləndirilməsi  astaralı seçicilərin artıq seçim etdiklərinin göstəricisidir.
Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov,  Milli Məclisin deputatları Rəşad Mahmudov, Elmira Axundova, Rüfət Quliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Vəsadət Əzizov çıxış ediblər. Onlar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar.
Zirvə görüşünə qatılan astaralı seçicilər bütün çıxışçıları diqqətlə dinləyərək, cənab İlham Əliyevin ünvanına sürəkli alqış və “Astaralılar İlhamla irəli” şüarları səsləndirməkdə davam ediblər.
Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.