????????????????????????????????????
Astarainfo.az xəbər verir ki, aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin  birgə təşkilatçılığı ilə rayonun Hamoşam kənd tam orta məktəbində “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, əməkdaşı Turan Həsənzadə, rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev, rayon İcra Hakimiyyəti (RİH) başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşam kənd tam orta məktəbinin direktoru  Asəf Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hamoşam kənd tam orta məktəbin direktoru  Asəf Abdulov keçirilən tədbirlərin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə müasir cəmiyyətimizdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıb. T.Həsənzadə ölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Rayon Təhsil Şöbəsinin müdir müavini Soltanağa Baxşıyev zərərli vərdişlərə, erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.
Astara RİH başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Hamoşam kənd məscidi dini icmasının sədri Əbülfəz Məmmədov və digərləri çıxışlarında gənclərin zərərli vərdişlərdən uzaq olmalarının onların sağlam həyat sürmələrində zəruri şərt olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Astarainfo.az