Rayonumuzda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da yaxşılaşdırılması ilə əlaqədar maraqlı və kütləvi tədbirlərin keçirilməsi ənənəyə çevrilib.
Astara rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə aprelin 24-də rayon Mədəniyyət Mərkəzində  hərbi xidmətdən tərxis olunan gənclərlə  təntənəli görüş keçirilib.
 Görüşdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin məsul əməkdaşları ilə birlikdə şəhid valideynləri, müharibə veteranları, Qarabağ əlilləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 İlk öncə tədbir iştirakçıları Ulu Öndərin  Heydər Əliyev Mərkəzində olan büstü qarşısına tər çiçəklər düzüb, mərkəzin direktoru Kübra Səmədova Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verib.
Daha sonra Rayon Mədəniyyət Mərkəzində təntənəli qarşılanma mərasimi başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi  polkovnik Valeh Nəcəfov  Milli Ordu sıralarında xidmət edən astaralı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini, keçən ilin aprel döyüşlərində müstəsna qəhrəmanlıq nümunələri göstərdiklərini diqqətə çatdırıb. Aprel döyüşlərində misilsiz şücaət göstərən həmyerlimiz Pəncəli Teymurovun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Bəsti Əliyeva ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını və düşmənə sarsıdıcı zərbə endirildiyini bildirib: “Bu qələbə bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır”.
Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Pəncəli Teymurovun qardaşı Famil Teymurov, aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev,  Qarabağ əlili Cəmil Məmmədov, Fəxrəddin Babayev və başqaları  çıxış edərək hərbi xidmətdən tərxis olunan gəncləri təbrik edərək onlara Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlıqlarını bildiriblər.
Qabaqcıl mədəniyyət işçisi Cəlal Mədətzadənin rəhbərliyi ilə rayon Mədəniyyət  Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının iştirakı ilə konsert proqramı təqdim olunub.
Görüş sonunda hərbi xidməti borcunu yerinə yetirməsində fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar  təqdim edilib.
 Nicat Raufoğlu
Astarainfo.az