Astarainfo.az xəbər verir ki,  aprelin 30-da rayon Mərkəzi Kitabxanasında Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri açıq elan edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov çıxış edərək, aşığın həyat və yaradıcılığına nəzər salıb.
Astara rayon MKS-nin direktoru Tural Eyvazov ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşirin həmişə yüksək qayğı ilə əhatə olunmuş yaradıcılığının dövlət tərəfindən yüksək adla qiymətləndirildiyini qeyd etmişdir. T.Eyvazov çıxışında Dədə Şəmşir yaradıcılığından, aşıq sənətindəki görkəmli yerindən, yaratdığı aşıq havalarından və şeirlərinin bədii estetik xüsusiyyətlərindən söhbət açıb.
 Tədbirdə çıxış edən kitabxanaçı-şairə Sakitə Əliyeva, Oxucularla xidmət şöbəsinin müdiri Yaqut Nəzərova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova və başqaları ustad el sənətkarı Aşıq Şəmşirin Azərbaycan aşıq sənətində bənzərsiz ifaçılığından və ədəbi yaradıcılığından söhbət açıblar.

Natəvan Mədətzadə

Astarainfo.az