Ürəyi hər zaman Vətən sevgisi ilə döyünən həmyerlimiz 20 ildən çoxdur ki, Misirdə ölkəmizi layiqincə təmsil edir. Bu illər ərzində davam edən elmi tədqiqatlar nəticəsində o, 700-ə yaxın müxtəlif mənbələrdən Azərbaycanın görkəmli şəxsiyyətləri barədə yeni məlumatlar əldə edib.
Misirdə Azərbaycan dilini tədris etməkdən qürur duyduğunu qeyd edən həmyerlimiz deyib: “Çoxdankı arzum 2016-2017-ci tədris ilində reallaşdı. Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlayanda sevincim yerə-göyə sığmırdı. Artıq Misirin üç nüfuzlu universitetində yüzlərə tələbəyə Azərbaycan dilini tədris etməklə onlara ölkəmizin tarixi, mədəniyyət və incəsənəti haqqında məlumat verirəm. Bu xeyirxah missiyanın həyata keçirilməsində Azərbaycanın Misirdəki səfirinin də böyük dəstəyi olub”.
Onun sözlərinə görə Misirin Əl-Əzhər Universitetinin humanitar fənlər fakültəsinin ardınca dillər və tərcümə fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq.
Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətini yüksək dəyərləndirən S.Nəsirov bildirib ki, hazırda bu ölkənin ən mötəbər universitetlərində və rəhbərlik etdiyi “Halqa” Fondunun Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir.
“Bu gün ailədə Azərbaycan dili kimi, ərəb dilində də rahat danışırıq. Həyat yoldaşım Misirin Aynu-Şəms Universitetində dillər fakültəsinin ərəb dili bölməsini bitirib. Hazırda Azərbaycanın Misirdəki Diaspor Mərkəzində və bir neçə ali təhsil ocağında xarici tələbələrə Azərbaycan dilini tədris edir. Övladlarım – 11 yaşlı Əli və 9 yaşlı Mustafa orta məktəbdə ərəb və ingilis dillərində təhsil alırlar. Onların gələcəkdə ərəbşünas olması məni çox sevindirir. Çünki, hazırkı dövrdə Azərbaycanda ərəb dilini mükəmməl bilən mütəxəssislərə böyük ehtiyac var”,- deyə bildirib.
Seymur Nəsirovun gördüyü işlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, o, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, S.Nəsirov 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə Misirdə Əl-Əzhər Universitetinin islamşünaslıq və ərəb dilinin filologiyası fakültəsini bitirib. 2006-cı ildə Misir Fətva Evində dörd il təhsilini davam etdirən həmyerlimiz 2011-ci ildə Qahirə Açıq Amerika Universitetində ərəb dili və ədəbiyyatı üzrə magistraturanı əla qiymətlərlə başa vurduqdan sonra öz ixtisası üzrə doktorantura təhsilini davam etdirib. O, bir sıra sanballı əsərlərin müəllifidir.
S.Nəsirov 2003-cü ildən Misir müftisi, professor Şeyx Əli Cümənin xarici tələbələr üzrə köməkçisi, 2007-ci ildən “Halqa” Fondunun təlim mərkəzinin, 2011-ci ildən isə Qahirə şəhərindəki “Halqa” Fondunun təsisçilərindən biri və baş direktorudur.
AZƏRTAC-Bağır Əliyev