Xalq artisti Fuad Poladov dəfn olunub

Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.

Mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.
Fuad Poladov Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
***
10.43
Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Xalq artsidi Rasim Balayev Fuad Poladovun itkisinin onun üçün çox ağır olduğunu deyib: “Böyük sənətkarımızı itirdik. Fuad Poladov Azərbaycan teatrında, kinosunda sütun idi. Bu gün o sütunu itirdik. Bizim teatr və kino sahəsində onun ağılasığmaz zəhmətləri var. Poladov dahi şəxsiyyət kimi yetişmişdi. O sənət aləmi ilə bağlı danışan bəzi ağzıgöyçəklərin cavabını verirdi. Fuad Poladov göstərdi ki, bu sənətdə uğura nail olub, şəxsiyyətini qorumaq mümkündür”.
Xalq artsiti Fəxrəddin Manafov Fuad Poladovun onun üçün hər zaman örnək olduğunu bildirib: “Çox ağır gündür. Onun kimi sənətə fədai kimi yanaşan sənətkarı fikrimə gətirə bilmirəm. Onu hamımız çox istəyirdik. Fuad Poladovun itkisi bütün Azərbaycan üçün ağırdır. Ruhu şad olsun”.
Xalq artisti Hacı İsmayılov isə deyib ki, Fuad Poladov kimi aktyorun yetişməsi üçün vaxt, zaman lazımdır: “Onun vəfatı xəbəri bütün sənət adamlarını sarsıdıb. Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Fuad Poladovun yaxınlarına, ailəsinə və sənət ictimaiyyətinə başsağlığı veririk. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində çox gözəl obrazlar yaradıb, bu obrazlar hər kəs tərəfindən sevilib”.
Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.
Mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
F. Poladov vida mərasiminin evində keçirilməsini və “Qurd qapısı” qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
***
09.05
Xalq artisti Fuad Poladov vəfat edib.
Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.
Fuad Poladovun cənazəsi bu gün saat 14:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adını alıb.
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.apa