Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir. Onu “arı çörəyi”- güləm və ya perqa adlandırırlar. Arı südü, propolis və balın xüsusiyyətlərini özündə birləşdirir.
AZƏRTAC tibbi saytlara və təcrübəli arıçılara istinadən güləmin güclü qida və enerji mənbəyi olduğunu xəbər verir. Onun tərkibi şəkər və K vitamini ilə daha zəngindir, yüksək turşuluğa malikdir. Güləm arı balasının qidasıdır, yumurtadan çıxan balalar 3-4 gün onunla qidalandıqdan sonra böyüyərək işçi arı kimi uçuşa çıxırlar. Arı ailəsi güləmsiz inkişaf edə bilməz.
Bununla yanaşı, onun tərkibində çiçək tozunda olan maddələrlə yanaşı, çoxlu üzvi turşular və fermentlər var. Enterokolit, kəskin və xroniki kolit, disbakterioz, xroniki qəbizlik, nazik və yoğun bağırsaq xəstəliklərində yaxşı təsir göstərir. Yodla zəngin olduğu üçün güləmdən endokrin xəstəliklərdə, şəkərli diabet və endemik zobun profilaktikasında istifadə olunur. Çiçək tozu və güləm qanda xolesterini aşağı saldığına görə ateroskleroz mənşəli xəstəliklərdə, hipertoniya, beyin patologiyaları və ürəyin işemik xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir. Çiçək tozu dəmirlə zəngin olduğuna görə qanazlığında, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə, qan itirmələrində, natrium, maqnezium və mineral duzlarla zəngin olduğu üçün damar xəstəlikləri və su-duz mübadiləsinin pozulmalarında istifadə olunur. Xroniki və kəskin hepatitlərdə, qara ciyər sirrozunda, prostatit və cinsi xəstəliklərdə istifadə edilir. Orqanizmi ağır metal duzları, şlaklar, zəhərli maddələr və radiasiyadan təmizləyir.
Güləm qidaya normal və diyetik əlavə kimi tətbiq edilir. Öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında məqsədilə vitamin preparatı kimi istifadə edilir.
Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı güləm dilin altına qoyulur və tam sorulana kimi saxlanır. Uşaqlara gündə 2 dəfə yarım çay qaşığı verilir.