1941-1945-ci illər faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri qarşısına əklil və gül dəstələri qoymuşlar.
Ziyarət başa çatdıqdan sonra müharibə veteranları və arxa cəbhə iştirakçıları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri ilə söhbət etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak etmiş, bir qismi həlak olmuş, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq sonrakı quruculuq illərində sıramızda olmuşlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.
  Azərbaycan dövlətinin siyasi sabitlik, inkişaf və tərəqqi yolunda inamlı addımları, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alması, mütərəqqi dövlətlərin tərəfdaşına çevrilməsi bizi hədsiz qürurlandırır. İnanırıq ki, qüdrətli dövlətimizin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda işğal altında olan torpaqlarımızın azadlığına nail olacaq və qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcəyik.
 Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Astarainfo.az