Mayın 8-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Səyyar Qatarı” Astarada əhaliyyə tibbi xidmət göstərməyə başlayıb.
 Astarainfo.az xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə həyata keçirilən humanitar aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur.
Mayın  12-nə kimi davam edəcək tədbirin məqsədi operativ şəkildə astaralı pasientləri müayinə-müaəlicə, cərrahi əməliyyat etmək, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.
 Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti boyunca yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyinin dəstəyi ilə  yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan  “Səyyar Qatar”ın uzunluğu  25, eni 3 metrdir.
Qatarda yerləşən Dəmiryolu Səyyar Klinikası  müasir oftalmolojı avadanlıqla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.  Səyyar Klinika  üç hissədən-texniki hissə, oftalmolojı müayinə və cərrahiyyə blokundan ibarətdir.
Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla  əməliyyatların aparılması üçün xüsusi aparatlar var.
Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerinden ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmter və digərlərinən təşkil edilib.
Səyyar Klinikada, həmçinin istirahət, qeydiyyat və sanitariya otaqları fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Buradakı avadanlıq ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.
Humanitar aksiyadan təkcə astaralılar deyil, qonşu İran İslam Respublikasının vətəndaşları da yararlanıblar. Aksiyanın  birinci günü 150, mayın 9-da isə 300 nəfərədək  astaralı tibbi müayinələrdən keçib.
Əhalinin müayinə və müalicəsi üç gün( 8,9,10 may), xəstələr üzərində cərrahiyə əməliyyatı bir gün(11 may) və əməliyyat olunmuş xəstələrə baxış bir gün ( 12 may) nəzərdə tutulub.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “Səyyar Qatar”da yaradılan şərait, vətəndaşların müayinə və müalicəsinin gedişi ilə tanış olub.
Rayon sakinləri vətəndaşların sağlamlığına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  2005-ci ildən Mərkəzin Səyyar Klinikası  mütamadi olaraq  ölkəmizin müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər  yerlərdə 2 mindən  çox əməliyyat və 30 minə  yaxın müayinə və müalicə aparılıb.
Fəridə Ağazadə

Astarainfo.az