Ulu Öndər Astara rayonuna dəfələrlə səfər edib, əmək adamları ilə görüşüb. 1998-ci il oktyabrın 5-də rayonumuza səfəri zamanı rayon sakinləri ilə görüşdə görkəmli dövlət xadiminin dediyi sözləri heç vaxt unutmayacağam. O demişdi: “Astara müstəqil Azərbaycanın cənubunda Azərbaycanın qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir, Azərbaycanın sütunlarından biridir”.
Bu sözləri Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə uzun müddət Astara rayonunda rəhbər vəzifələrdə çalışmış rayon Ağsaqqallar Şurasının sədri Hamlet ƏliyevAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Astara Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işlədiyi dövrdə görkəmli dövlət xadimi ilə dəfələrlə görüşdüyünü, Ulu Öndərin rəhbərliyi ilə keçirilən Mərkəzi Komitənin plenumlarında, büro iclaslarında, partiya fəalları yığıncaqlarında və müşavirələrdə iştirak etdiyini vurğulayan Hamlet Əliyev belə bir dahi şəxsiyyətin Azərbaycana rəhbərliyi dövründə işlədiyinə görə böyük qürur və iftixar hissi keçirdiyini söyləyib.
Rayon Ağsaqqallar Şurasının sədri deyib: “Heydər Əliyevlə ilk görüşüm 1957-ci ildə olub. Həmin dövrdə Astara Rayon Komsomol Komitəsinin katibi işləyirdim. Ulu Öndər “N” saylı sərhəd zastavasına “Keçici Qırmızı Bayrağ”ın verilməsi ilə əlaqədar rayona gəlmişdi. Daha sonra 1961-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən Astaraya səfər etmişdi. Həmin dövrdə mən Astara Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri işləyirdim. 1970-ci ilin oktyabr ayında isə Astara Rayon Partiya Komitəsinin ikinci katibliyinə namizədliyimin irəli sürülməsi ilə əlaqədar onunla şəxsən görüşmüşəm”.
Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra 1970-ci ilin noyabrında ilk səfərini Astaraya etdiyini xatırlayan rayon ağsaqqalı, Ulu Öndərin SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.Podqornı ilə birlikdə SSRİ-İran qaz kəmərinin açılışında iştirak etdiyini, rayonun təsərrüfatlarında əmək adamları ilə görüşdüyünü vurğulayıb. Hamlet Əliyev Ulu Öndərlə görüşlərini xoş anlar kimi daim xatırladığını bildirib.