Diyetoloq Tutu Zeynalova: “Ramazan ayında kilonu nəzarətdə saxlamaq üçün qədərində və balanslı qidalanmaq lazımdır” 
Astarainfo.az kaspi.az-a istinadən yazını təqdim edir.
Artıq iki gündür ki, on bir ayın sultanı müqəddəs Ramazan ayı başlayıb. Bu ay insanın həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq. Bəziləri düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Bir ay boyunca tutulan oruclar insan sağlamlığında çox böyük əhəmiyyətə malikdir.
Hələ qədim zamanlardan başlayaraq günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdə tutulub. İslamdan çox əvvəllər də alimlər müəyyən müddət ac qalmağı, yəni oruc tutmağı tövsiyə ediblər. Elə müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə əlac tapmaq mümkün olur. Bu gün həkimlər, həmçinin diyetoloqlar da təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati əhəmiyyət kəsb edir. Həkim-qastroenteroloqların sözlərinə görə, oruc tutmaq faydalıdır, insan orqanizminə xeyirlidir. İnsan qidalanarkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür. Oruc tutarkən isə mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, oruc tutmağın müsbət təsirinə məruz qalmasın.
 Lakin Ramazan ayında uzun müddət ac qalmaq özü ilə müxtəlif mədə problemləri də gətirə bilər. Belə ki, aclıq müddətinin uzun olması mədədən ifraz olunan turşunun miqdarının da artmasına səbəb olur. Bu vəziyyət qastriti olanların mədəsində yanma, qazınma, ağrı kimi şikayətlərin ortaya çıxmasına, xorası olan xəstələrdə isə qanamaya yol aça bilər. Ona görə orucluqda mədə problemlərinin qarşısını almaq üçün kafi və balanslı qidalanmaya diqqət yetirilməlidir. Qidalanma oruc tutulan günlər imsakda və iftarda iki ana yeməyi, iftardan sonra isə 1-1,5 saat fasilələrlə iki ara yeməyi şəklində olmalıdır.
Bəziləri oruc tutan zaman necə düzgün qidalanmalı olduqlarını bilmir. Belə ki, bu ay ərzində yemək-içməyimizə xüsusi diqqətlə etməliyik. Digər günlərdən fərqli olaraq oruc tutduğumuz günlərdə rejimlə qidalanmalı, xüsusi ərzaqlardan istifadə etməliyik. Bir qisim insanlar oruc tutduğu zaman çəkilərində dəyişikliyin olmağından şikayətlənir. Hətta bəziləri gün ərzində qidalanmasalar belə, çəkilərinin artdığını deyir. Buna görə də diyetoloqla həmsöhbət olub Ramazan ayında necə düzgün qidalanmalı olduğumuzu öyrənməyə çalışdıq.

Həkim-diyetoloq Tutu Zeynalova qeyd edir ki, bəzi insanlar səhər yeməyinə qalxmır. Bu isə çox yanlışdır: “Səhər yeməyini yeməməklə insanlar orqanizmlərini stressə salmış olurlar. Təbii ki, ən önəmli məqamlardan biri də səhər yeməyində bol su içməkdir. Çünki gün ərzində su qəbul etməyəcəyimizə görə səhər yeməyində bacardığımız qədər çoxlu su içməliyik. Yuxudan duran kimi iki stəkan su içilməsi məsləhət görülür. Yeməyə gəlincə isə, daha çox proteinlə zəngin qidalara üstünlük verməliyik. Misal üçün, tərkibində yumurta olan bir yemək yeyə bilərsiniz. Fərq etməz, yumurtanı istər qaynadılmış, istərsə də yağda bişirilmiş şəkildə qəbul edə bilərsiniz. Digər proteinlə zəngin qidalarımıza isə, süzmə və kəsmiyi misal çəkə bilərik. Bundan başqa, bizi uzun müddət tox tutması, mədə-bağırsaq problemlərinin qarşısını alması üçün qoz əvəzedilməz qidadır. Həmçinin tərəvəzlərdən pomidor-xiyardan istifadə arzuolunandır. Çay isə hər kəsin öz zövqünə, damaq dadına qalıb. Kilonu nəzarətdə saxlamaq üçün kəpəkli və ya çovdar çörəyini seçmək daha yaxşıdır. Meyvələrdən isə sululuğu yüksək olanlara üstünlük verilməsi məsləhətdir. Səhər yeməyində zeytun tövsiyə olunmur. Çünki gün ərzində insanın suya olan ehtiyacını artırır”.

Diyetoloq uzun müddətli aclıqdan sonra iftarı bir stəkan su ilə açmağı tövsiyə edir: “Yaxşı olar ki, iftarımızı bir stəkan su və duzluluğu az olan zeytunla açaq. Və uzun müddətli aclıqdan sonra mədəmiz yüklənməsin deyə 5-10 dəqiqəlik fasilədən sonra bir çömçə şorba içilməlidir. Təxminən 20 dəqiqə sonra əsas yeməyə keçə bilərsiniz. Əsas yeməkdə isə ət, balıq məhsullarından dada bilərik. Çörək isə şəxsin istəyindən asılı olaraq dəyişir. Miqdarı aşmamaq şərti ilə çörək yemək olar. Təbii ki, menyuda tərəvəzlər də olmalıdır. Yeməkləri bişirərkən xüsusi diqqət yetirməli olduğumuz məqam isə onların çox duzlu və yağlı olmamasıdır. Soyutma və buğlama yeməkləri tərcih olunandır. Yeməkdən sonra uzanmağı və ya televizor önünə keçib oturmağı tövsiyə etmirəm. Yaxşı olardı ki, orta templi yarım saatlıq yürüşlər edəsiniz. Yürüşdən sonra isə çay süfrəsinə keçid ala bilərsiniz. Çay süfrəsində də aşırı dərəcədə şirin, xəmir şirniyyatlarını seçməyin. Çayı isə yeməkdən ən az bir saat sonra içmək məsləhətdir. Və əvvəldə də qeyd etdiyim kimi, çoxlu su içilməlidir”.