Bugünkü müstəqil Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bildiyimiz kimi, Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun  və Qərbi Azərbaycanın türk – müsəlman əhalisinə qarşı qanlı qırğın – soyqırımlar  törətmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  yarandığı gündən soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.
XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış tarixi şansdan bəhrələnərək yenidən öz müstəqilliyinə qovuşdu. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
 Müstəqil respublikamızın 100 illiyi ilə əlaqədar bayrağımızın, himnimizin, gerbimizin yarandığını sevinc və qürur hissi ilə qeyd edəcəyik. Məktəbimizdə də bu şanlı hadisə ilə bağlı maraqlı tədbirlər keçirilmişdir.
Azərbaycan xalqı öz Vətəninə, dövlətinə bağlı olan bir xalqdır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət xalqın mənafeyinə xidmət etdiyi kimi, xalq da bu siyasətə güclü dəstək nümayiş etdirir. Respublikamızdakı sabitlik, iqtidar-xalq həmrəyliyi bunun bariz nümunəsidir. Respublikamızın bugünkü müsbət reallıqları Azərbaycanın müstəqilliyinin əbədi və möhkəm olacağını deməyə əsas verir.  Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edən  müstəqil Azərbaycan dövləti  öz ənənələrini yaşadaraq gələcəyə doğru daha inamlı addımlar atacaq.

Əsmər Əliyeva

Şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi

Astarainfo.az