Peşəkar olmaq arzusu ilə…

Onu uşaq ikən bircə dəfə görmüşdüm.  Sonralar jurnalist olacağını eşidəndə rayonun ilk jurnalisti(qızlar arasında) kimi çox sevindim.
 Ötən il aprel ayında redaksiyada olarkən operatordan “ xəbərin varmı təzə redaktor  gələcək” sözlərini eşidəndə bir qədər təəccübləndim. Məlum səbəblərə görə redaksiya özəl təsərrüfat olduğundan rayonun ixtisaslı jurnalistləri bu böyük məsuliyyəti daşımaq istəmirdilər. Ona görə içimdə “ bu cəsarətli jurnalist kim olar” deyə düşündüm.Qısa tanışlıqdan sonra məlum oldu ki, bu məktəbli ikən gördüyüm və jurnalist olacağına sevindiyim Fəridə Ağazadədir.
 Budur, o vaxtdan artıq bir il ötüb.  Bu müddət ərzində hiss olunur ki, gənc redaktorumuzun  jurnalistikaya olan məhəbbəti güclüdür, yeniliklər yaratmağa qadirdir və daim axtarışda təcrübəli  jurnalistlərdən öyrənməyə səy göstərir. O, istər kollektivimizdə, istərsə də cəmiyyətimizdə  fəaliyyəti ilə qabiliyyətli rəhbər kimi özünü doğrultmuşdur.
Tanıtma
 F.Ağazadə 1993-cü il martın 30-da rayonumuzun qədim, axarlı-baxarlı    Kijəbə qəsəbəsində anadan olub. Nail Həsənov adına Kijəbə qəsəbə orta məktəbini 2010-cu ildə,  Xəzər Universitetinin jurnalistika fakültəsini isə  2016-cı ildə qırmızı diplomla başa vurub.  Oxuduğu illər ərzində universitetdə istedadlı tələbə kimi tanınmış dekanlığın fəxri diplomlarına layiq görülmüşdür.
Gənc redaktorun jurnalistikaya və qəzetçilik sahəsinə olan marağını nəzərə alaraq ondan müsahibə almağı qərara aldıq.
-Nədən jurnalist oldunuz? Jurnalist olmasaydınız hansı peşəyə üstünlük verərdiniz?
 -İlk öncə duyğularımı sizinlə, doğma qəzetimlə bölüşməkdən böyük məmnunluq hissi duyuram. Jurnalist olmasaydım təbii ki, hüquqşünas olardım. Anam bu sahədə çalışdığından elə uşaqlıqdan hüquq diqqətimi çəkirdi. Amma qismətdən Xəzər Universitetinin jurnalistika fakültəsinin tələbəsi oldum. İndi isə özümü mediadan kənarda təsəvvür edə bilmirəm.
-Hər bir yaradıcı insanın bir açarı və bu açarın da bir sirri olur. Maraqlıdır Fəridə Ağazadədə olan enerjinin, həvəsin gücü nədədir?
      Əslində buna sirr deməzdim. Gəncliyin verdiyi enerji ilə bərabər  peşəmi hədsiz çox sevirəm.Və bu məni daha çox çalışmağa sövq edir. Həyatda bütün maneələri aşmaq ve arzu etdiyimiz uğurları qazanmaq üçün fikirlərimizi lazım olan istiqamətə yönəltməliyik. Müvəffəqiyyət qazanmaq üçün ilk növbədə həqiqəti dərk etməli və nədən ötrü çalışdığımızi bilməliyik. Baş verənləri düzgün dərk etməyin özü də  xoşbəxtlikdir. Məqsədə çatmaq üçün nəyi ve necə etməyi düzgün bilmək lazımdır. Düzgün fikirlər insana uğur qazandıracaqdır. El məsəlində deyildiyi kimi “Fikir işin yarısıdır”. Bəzən insan xəyallar aləmində özünü yenidən kəşf edir və düşüncələrini gerçəkləşdirmək üçün əzmlə çalışır, mübarizə aparır ki,məqsədinə çatsın. Uğur qazanmaq üçün vaxtdan da səmərəli istifadə etmək lazımdır.
– Mənalı bir yol keçmiş qocaman qəzetin baş redaktoru olmağa   razılıq verməyin əlbəttə böyük cürətdir… 
-Düşüncəmə görə,  əgər bir işi görə bilərəmsə, nə üçün də bunu etməməliyəm. İnsan özünü hər yaşda yeni imkanlarla dəyərləndirməlidir.   İnanıb çalışmaq lazımdır. Baş redaktor kimi şərəfli, bir o qədər də məsuliyyətli işi çiyinlərimə götürdüyüm üçün heç vaxt qorxmadım. Çünki özümə inanırdım. Həyatım boyu inamsızlığı və ümidsizliyi özümə yaxın qoymamışam. Qəzetdə əsl peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışmaq həm böyük uğur, həm də böyük məsuliyyətdi. Uğurlu olmağın sirlərindən biri də  şəxsi keyfiyyətin yaxşı olmasıdır. Əgər şəxsi keyfiyyətlərin yaxşı deyilsə, nə qədər savadlı, müəyyən dərəclərin olsa da, insanlarla ünsiyyət qurub yola gedə bilmirsənsə uğur qazanılmaz.
   İlk böyük uğurum- qəzetdə çox şey öyrənməyimlə bağlıdır və öyrənirəm də.. Bu çətin olan işimi layiqincə,uğurla və yenilikçi ideyalarımla  yerinə yetirməyə çalışıram. Rayonun  yeganə media orqanı olan “Astara” qəzeti hər zaman olduğu kimi indi də qəzetçilik və dövlətçilik ənənələrinə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir.Qəzetçilik səbr,diqqət, möhkəm və sağlam iradə tələb edən bir işdir.
Düşünürəm ki, hər kəsin uğura aparan öz yolu var, əgər kimisə təqlid etsəm yolumda necə deyərlər qarşıma çıxan daşları görməyib büdrəyə bilərəm. Vətənpərvər, ölkəni, xalqını sevən vətəndaş kimi dövlətimə, xalqıma layiqincə xidmət etməyə çalışıram.
Təbiətin  qanununa görə  zaman öz sözünü deyir. Əslində bir ilin necə gəldiyini bəzən heç inana bilmirəm. İşə ilk başladığım vaxtlarda qorxularım və çətinliklərim əlbəttə ki olurdu.  Doğma,səmimi,peşəkar kollektivlə çalışmaq mənə bütün çətinlikləri unutdurur.
Region qəzetimizin yenilikçi düşüncədə görmək istəyi ilə qəzet səhifələrini artırmaqla yanaşı regionda ilk dəfə olaraq Astarainfo.az xəbər saytını təsis etdim. Rayonun bir çox məktəblərində İKT(İnformasiya Kommunikasiya Texnologiyaları)  sahəsində uğurlu təlimlərə başladım. Şükürlər olsun ki,  bu müddət  ərzində həm saytımız həm də qəzetimiz ölkə mediasına inteqrasiya edə bildi.  Sayta qoyduğumuz xəbərlər təkcə regionu deyil ölkə və dünya xəbərlərini də əhatə edir.Qəzetimizn internet variantının yaradılması, 8 səhifədən 16 səhifəyə uğurlu çıxışımız, ilk dəfə olaraq kitab və qəzet yarmarkası, qəzet səhifələrində yeni rubrikalar və  layihələr  “Astara” qəzet komandasını  daha çox çalışmağa həvəsləndirir.
Region qəzetləri ölkənin ictimai-siyasi və sosial həyatında çox böyük əhəmiyyət kəsb edir. Rayonumuzun yeganə  mətbuat orqanı olan “Astara” qəzetində başqa mövzularla yanaşı hərbi vətənpərvərlik sahəsində də maarifləndirmə işlərini uğurla həyata keçiririk.
Onu da qeyd edim ki, regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri daha çox Bakıda çalışmağa üstünlük verir. Doğma rayonuma olan sevgidən  “Astara” qəzetini yaşatmaq, irəli aparmaq, ölkə səviyyəsinə çıxarmaq və oxucularının sayını daha da artırmaq əsas məqsədimdir.
 Artıq müəyyən uğurlara  bir  növ nail olsaq da qarşıda  bizi çox işlər, layihələr gözləyir.
-Həyatda ideal sandığın kimsə varmı?
-İnsanları ideallaşdırmıram sadəcə onlardan nəsə öyrənirəm. Düşünürəm ki, ideal insan yoxdur. Və həyatda özüm kimi olmağı daha üstün tuturam. Amma yaxşı mənada qibtə etdiyim insanlar da var.
-İnsanda dəyər verdiyin cəhət nədir?
-Məncə insanda ən üstün cəhət bağışlamaq və səbrli olmaqdır. Özüm də  səbrli olmağı və bağışlamağı gözəl bacarıram.
 – Həyat göstərir ki, insanın nəyəsə inamı olanda daima yaratmağa, yeniliklərə doğru can atır..
Yenilikləri çox sevirəm. Düşünürəm ki, yeni fikirlər yeni uğurlara yol açır. Uğurumun sirri hədəflərim, əzmim, məqsədim və faydalı olmağa çalışmağımdır.Sevindirici haldır ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mənə böyük etimad göstərmiş bir illik fəaliyyətimi dəyərləndirərək fəxri fərmanla təltif etmişdir.Bu həm də “Astara” qəzetinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan əlavə mart ayında Mingəçevir şəhərində bölgə jurnalistləri üçün “Data jurnalistika” mövzusu üzrə keçirilmiş üç günlük təlimdə jurnalist kimi iştirak etmişəm. Nəticədə  Azərbaycanın bölgə jurnalistləri üçün Data Jurnalistika mövzusunda təşkil olunan müsabiqəsində  ikinci dərəcəli mükafata layiq görülmüşəm.Onu da bildirim ki, mart ayında Bakıda keçirilmiş Azərbaycan Jurnalistlərinin VII Qurultayında da iştirak etmişəm.

Qurultayda region mətbuatı təmsilçiləri arasında “Astara” qəzetinin baş redaktoru kimi  çıxış edərək region mətbuatının daha da inkişaf etdirilməsi sahəsində təkliflərimi irəli sürdüm. Məqsədim region mediasının ölkənin ictimai-siyasi və sosial həyatında mühüm rol oynadığını diqqətə çatdırmaq idi. Qəzetlərin xəbər portallarının yaradılması, onlara dövlət tərəfindən maliyə vəsaitinin ayrılması istiqamətində verdiyim təklif də qurultay iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.Bütün bu yeniliklər peşəmə olan marağımı artırmaqla yanaşı məni daha da məsuliyyətləndirir.

 – Fəridə Ağazadənin ideyaları, arzuları!?
Xalqı və Vətəni üçün bir sıra müvəffəqiyyətlərə imza atmış və üstündən əsrlər keçməsinə baxmayaraq xatirələri yaddaşlardan silinməmiş   görkəmli şəxsiyyətlərdən olmaq ən böyük arzumdur.İşimi çox sevdiyim üçün gələcəkdə də media sahəsində uğurlar qazanacağıma inanıram.
Xalqımıza xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərə  malik gənclərimizin  ölkəmizin tərəqqisi, dövlətçiliyimizin   möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar hamı kimi məni  də hədsiz sevindirir, ürəyimi fərəh hissi ilə doldurur.
Biz gənclər yüksək elmi biliklərə nail olmaqla, müasir elmi texnikanın və yeni texnologiyaların sirlərini öyrənməklə qloballaşma prosesinə layiqli töhfəmizi verməli, böyük vətənpərvərlik mövqeyimizlə, ölkəmizin daha da qüdrətlənməsi üçün əlimizdən gələni etməliyik. Eyni zamanda cəmiyyətin sağlam aparıcı qüvvəsi olaraq bütün sahələrdə yüksək vətənpərvərlik nümayiş etdirməli, zərərli vərdişlərin qarşısının alınması  ilə mübarizədə fəallıqlarımızı artırmalıyıq.
Maraqlı söhbətə görə çox sağol. Əminəm ki, “Astara” qəzetinin baş redaktorunu sevimli oxucularımıza müəyyən qədər daha yaxından tanıtdıq.
-Gülnar xanım sizə, kollektivimizə minnətdaram ki, mənə hər zaman dəstək olursunuz. Hər zaman peşəkar,yaxşı, seçimli olmaq düşüncəsi ilə yaşamışam. Bunu doğrultmaq üçün öz üzərimdə daim çalışıram. Uğurlar komandamıza!
Söhbəti apardı-Gülnar Əsədli
Astarainfo.az